Çap

Gənclər şəhərin mərkəzi küçələrində üçrəngli döş nişanları payladı

Tarix . Kateqoriya Yeniliklər

“Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyi (GEMİ) 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylük Günü münasibəti ilə Bakının mərkəzində aksiya həyata keçirib. Şəhər sakinləri və xarici qonaqlara üçrəngli döş nişanları paylayan gənclər onlara bu gün haqqında məlumat verib, Azərbaycan bayrağı ilə dolaşaraq cəmiyyətin diqqətini bu günün əhəmiyyətinə yönəltməyə çalışıblar.

İyirmidən çox gəncin iştirak etdiyi aksiya 1 saatdan çox çəkib, onlar tərəfindən 500-dən çox döş nişanı paylanılıb.

GEMİ-nin sədri Sərdar Yusifoğlu bildirib ki, bu tədbirin keçirilməsində gənclərin diqqətini “Yeni il”lə yanaşı, yaxın tariximizdə əhəmiyyət kəsb edən Dünya Azərbaycanlılarının Həmrəylik Gününə yönəltmək, onlarda bu ictimai fəallığı, vətəndaşlıq məsuliyyətini oyatmaq məqsədi güdülür.

“Biz 5 ildir ki, bu tip aksiyalar təşkil edirik və cəmiyyətdə müsbət münasibət görürük. Hesab edirəm ki, bu istiqamətdə təbliğat davamlı olaraq aparılmalıdır”.

Gənclər həmrəyliklə bağlı tədbiri Fransa səfirliyi qarşısnda aksiya keçirməklə başa çatdırıblar.

Fransa və Ermənistan prezidentlərinin fotolarını yandıran, “erməni soyqırımı”nın siyasətçilər yox, tarixçilər tərəfindən araşdırılmasını tələb edən aksiyaçılar vurğulayıblar ki, Fransa Milli Assambleyasının «erməni soyqırımı»nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun qəbul etməsi insan hüquqlarına ziddir.

Həmçinin gənclər ATƏT-in Minsk qrupunun həmsədrliyindən Fransanın çıxarılmasını tələb edən şüarlar da səsləndiriblər.

Polis aksiyaya müdaxilə etməyib.