Çap

Litvanın Vilnüs Universitetinin tələbəsi Rəhim Məmmədovun müsahibəsi

Tarix . Kateqoriya Müsahibələr

 

001 1451074980

 Rəhim Məmmədov:“Xaricdə tələbələr üçün çoxlu proqramlar var və əgər aktivsənsə, proqramlardan yararlanıb təcrübə qazana bilirsən”
Müsahibimiz Rəhim Məmmədov Litvanın Vilnüs Universitetinin Biznes administrasiyası fakültəsinin 3-cü kurs tələbəsidir. Bu il isə Erasmus proqramı çərçivəsində Almaniyanın Karlsure şəhərindəki Karlshochschule Universitetində 1 semestrlik təhsil alır. O həm Litva, həm də Almaniya təhsili və mədəniyyəti haqqında geniş məlumata malikdir. Onun əsas amalı xaricdə təhsil almaqla yanaşı, ölkəmizi tanıtmaqdır.


-Necə oldu ki, xaricdə oxumaq qərarını verdiniz?
-Xaricdə təhsil üçün hər hansı əcnəbi dil, xüsusən ingilis dilini bilmək əsasdır. 2010-cu ildə düşündüm ki, dil öyrənsəm, bəlkə də, iş tapa bilərəm, amma ailəm mənəvi və maddi baxımdan şokda idi. Ailəm onların bu çətin vəziyyətində hər şeyi atıb “dil öyrənəcəm” qərarımı qəbul etmirdi, amma mən istədiyimi etdim. 9 aya ingilis dilini öyrəndim və sonra kurslarda Dil dərsi verməyə başladım. Necə deyərlər, bilik satmağa çalışdım. Dərs dediyim müddətdə təhsil və xaricdə təhsil planı düşüncəsi yox idi. Müəllimlik dövrüm 2011-ci ilə təsadüf edirdi. Bir gün bir SMS gəldi. Türkiyədəki menecer dostum mənə yazdı və bir şəkil göndərdi. O an artıq tələbə olmaq qərarına gəldim. Risk etdim, həyatımın o vaxt dönüş nöqtəsi oldu. 24 yaşımda Avropaya gəldim. İlk gecəni Litvada ağlamışdım. Çünki qorxurdum, amma geri dönüş yox idi; ya ölməli, ya da bacarmalı idim. Amma mən bunu bacardım. 2012-ci ildə bakalavr təhsili üzrə Litvanın Kaunas Texnologiya Universitetinə daxil oldum.
- Xarici tələbələrin arasında tanınmaq, fərqlənmək, hər halda, asan deyil...
-Tələbələr məni 2013-cü ildə keçirilən “Mr international of Kaunas” yaraşıqlı oğlanlar yarışından sonra tanımağa başladılar. Yarış universitetlər arasında keçirilirdi. Mən də ispanlara inad olaraq yarışa girmişdim. Yarışda 4 millət (ispan, türk, azərbaycanlı və fransız) idik. Ümumiyyətlə, mənim oxumağımın əsas səbəblərindən biri özümü özümə sübut etmək və xaricilərlə tez-tez mədəniyyət fərqliliyi konfliktləri idi. Onlar bizə aşağı bir millət kimi baxırdılar və bu da məni əsəbiləşdirirdi.
Yarışda fransız 1-ci, mən isə 2-ci yerə çıxdıq. Bu, çox önəmli bir yarış olmasa da, mən ondan çox gözəl istifadə etdim. Bundan sonra tələbələr arasında tanındım, proyekt və tədbirlərə çağırıldım. Amma mənə 7-8 il bundan qabaq desəydilər ki, Rəhim, sən vaxt gələcək 4 xarici dil biləcəksən, 16 yaşından bəri görmək istədiyin Nyu-Yorkda olacaqsan, 11 il sonra işləyəcəksən, tədbirlər təşkil edəcəksən, Almaniyada təhsil alacaqsan və s. belə həyatı yaşayacağıma heç vaxt inanmazdım. Və bəzən fəlakət köhnələrin dağılmasına və yeniliklərin yaranmasına səbəb olur... Onu da qeyd edim ki, Litvaya gələndə, ancaq ingilis dilini bilirdim və geniş hədəflərim yox idi. Məqsədim, sadəcə, diplom alıb geri qayıtmaq idi.
-Xaricdə təhsilin hansı üstünlükləri var?
-Çox üstünlükləri var. Xaricdə təhsil mənə özümü dərk etməyə kömək etdi. Kiməm? (güclü və zəif tərəflərim), Nə iş görürəm? (uzunmüddətli hədəflərə çatmaq üçün aktivlər), Hara gedirəm? (hədəflərim və həyatdan nə istəyirəm?). Burada tələbələr üçün çoxlu proqramlar var və əgər, həqiqətən də, bacarıqlısansa, aktivsənsə, proqramlardan yararlanıb təcrübə qazana bilirsən. Rüşvət yoxdur, amma güzəşt var. Yəni, əgər görürlər ki, həqiqətən, çalışırsan, bacardığını edirsən, amma alınmır, müəllimlərdən sənə individual dərs verməyi xahiş edəndə qəbul edirlər və ya hansısa proqrama qatılmaq üçün xasiyyətnamə istəyəndə canla-başla səni proqrama hazırlayırlar. Yəni Avropa sənə yalnız savadlı olmağı deyil, həm də savadı insanlara satmaq qaydalarını da öyrədir.
Xaricdə təhsil, həmçinin özünü dərketmə və müxtəlif mədəniyyətlərin bir parçası olmaq, əcnəbi dilləri daha tez öyrənmək bacarığı, erkən karyera qurmaq və müxtəlif proyektlərdə iştirak edib təcrübə yığmaq imkanı verir. Sərbəstliyi, məsuliyyətli olmağı, büdcənin idarəsi, tək yaşamağı öyrənirsən. Artıq kiminsə övladı olmursan, bir fərd olursan və öz həyatın, öz problemlərin olur və həllini yalnız özün bilirsən. Heç kəsi günahkar hesab edə bilmirsən. Bir sözlə, həyatla tam mübarizə aparırsan.
Yaradıcılıq və düşüncə qabiliyyətin artır. Çünki hər gün yeni bir şey öyrənirsən. Daha vətənpərvər olursan. Bir azərbaycanlı olaraq özünü Qarabağın təmsilçisi hesab edirsən. Hər azərbaycanlının yaratdığı imic bizi Qarabağa daha yaxın və ya uzaq edir. Yəni, həqiqətən, daha da vətənpərvər olursan. Eyni zamanda insanda pozitivlik, həyata daha fərqli baxış yaranır.
-Almaniyada çalışan çoxlu alimlərimiz də var. Alman cəmiyyəti azərbaycanlı alimlərin əməyini lazımi olaraq qiymətləndirirmi?
- Təəssüf ki, mən çox kiçik bir şəhərdə təhsil alıram və burada heç Azərbaycanı tanımırlar. Burada heç bir Azərbaycan tələbə təşkilatı da fəaliyyət göstərmir. Mən bildiyim qədər Berlində təşkilatlarımız var və təbliğatımız da çox gözəl aparılır. Universitetdə mən birinci azərbaycanlıyam ki, tanış olublar.
-Diaspor fəaliyyətində hansı aktivlik göstərirsiz?
-İlk olaraq dərsdaxili proyektlərdə təqdimatlarımın üz qabığında Azərbaycan bayrağı olur və ilk olaraq qısa da olsa, Azərbaycan haqqında məlumat verilir. Artıq bu bir imic, adət formasını alıb. İlk vaxtlarda əcnəbi tələbələr tərəfindən qəribə qarşılansa da, sonradan, həqiqətən də, bayrağımızın fanatı olduğumu yavaş-yavaş anladılar və hörmətlə yanaşmağa başladılar. Bayrağımızın təbliğini və ölkəmizin uğurlarını sadalamağı çox sevirəm. “Avroviziya” musiqi yarışması, İlk Avropa Oyunları Azərbaycanda keçiriləndən sonra xaricdə bizə münasibət tamamilə dəyişib. Artıq Azərbaycanın gücünü, qüdrətini görürlər. Xüsusən Litvada hər şey yaxşıdır. Çünki ölkəmizin gözəl imici formalaşıb. Litvada səfirliyimiz tərəfindən tez-tez tədbirlər təşkil olunur. Hətta Litvada Azərbaycan tələbə təşkilatı (AYOL) var. Azərbaycanın tanınmağı üçün AYOL sözün əsl mənasında kifayət qədər əziyyət çəkir və azərbaycanlı tələbələr də mümkün qədər aktiv olmağa çalışır.
Bayram və anım günləri üçün hazırlanan sərgilərdə aktiv olub, daha çox xarici tələbələri dəvət edib, özümüz ilə gətiririk. Milli bayramlarımız və xüsusilə də milli rəqs və şirniyyatlarımızı çox bəyənirlər. Bir sözlə, bir azərbaycanlı kimi harada oluramsa öz davranışlarımla, bacarıqlarımla gözəl bir iz buraxıb getməyə çalışıram və orada qısa da olsa Azərbaycan haqqında məlumat verilir. Bayrağım hər zaman otağımda və hər zaman hər yerə əyani olaraq mənimlə gedir. Bu mənim üçün ən gözəl təbliğat hesab olunur.
-Gənclərimiz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə lazımi qədər çatdıra bilirmi?
-Artıq proses başlayıb. Çünki getdikcə xaricdə çoxalırıq. Çünki əvvəllər yalnız tələbələr oxumaq üçün Avropaya gəlirdilər. Şükür, indi Erasmus proqramı başlayıb və artıq azərbaycanlı tələbələrin sayı xaricdə artır.
-Gələcək planlarınız haqqında nələri əlavə edə bilərsiz?
-Planım yoxdur, amma məqsədim var. Çox uzunmüddətli plan qurmağı sevmirəm. Həyat təsadüf və möcüzələrlə doludur. Yetər ki, təsadüf və möcüzələri ağıllı şəkildə istifadə edərək risk etməyi bacarasan. Çox şeyi zamana və qismətə buraxmaq lazım deyil. Gözəl deyim var: “Şanslar insanları, insanlar da şansları gözləyir və çox zaman bəhanələr (qismət deyilmiş) qazanır”. Ən böyük rəqəmlər belə, 0-dan başlayır və o böyük rəqəmə çatmaq üçün yeganə tələb, sadəcə, bircə addım atmaqdır.
Hal-hazırda məqsədim alman dilini mükəmməl öyrənmək, universiteti bitirmək, magistraturada oxumaq (Almaniyada ) və qısamüddətli Almaniya şirkətində çalışmaq, yəni alman iş mədəniyyətinin bir parçası olmaqdır.

Palitranews - Fuad Hüseynzadə