Çap

Azərbaycanda qadınlar niyə iqtisadi fəal deyil?

Tarix . Kateqoriya Xəbərlər

 

“Qadınlar de yure məşğul görünsələr də, de fakto işsizdirlər”.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, iqtisadi fəal olan qadınların sayı 2013-cü ildə 2 milyon 321,8 min nəfər, 2014-cü ildə isə 2 milyon 365 min nəfər olub.

Cəmiyyətdə müşahidə olunan mənzərə isə komitənin bizə təqdim etdiyi rəqəmlərlə üst-üstə düşmür.

Belə ki, 50 manatlıq ayaqqabı almaq istəyən azərbaycanlı qadın ilk növbədə yanındakı kişinin “bu ayaqqabını almaq vacibdirmi?” sualına cavab tapmalıdı. Əgər kişi bu 50 manatın onun ailə büdcəsinə elə də ziyan gətirməyəcəyini düşünürsə, bu halda qadının istəyinin reallaşmasından söhbət gedə bilər.

İqtisadi fəal qadınların azlıq təşkil etməsi psixoloji amillərlə də bağlı ola bilər. Hamımıza bəllidi ki, qadınlarımızın müəyyən hissəsi daim ələbaxımlı formalaşdırılır. Atadan, müəyyən dövrdən, yəni ata qocaldıqdan sonra ailənin büdcəsinə dəstək olan qardaşdan, ən sonda isə həyat yoldaşından ummağa başlayır. Əbəs deyil ki, bir qadın yalnız həyat yoldaşı vəfat etdikdə və s. səbəblər olduğu təqdirdə işləmək barəsində düşünür. Bu, bizim cəmiyyətimiz üçün xas bir şeydir, bunu danmaq olmaz.

Niyə iqtisadi fəal olan qadınlarımızın sayı azdı və ya başqa bir sual: qadınların pul kisəsi nə üçün kişilər olmalıdı?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənovla əlaqə saxladıq. İqtisadçıdan dünya tendensiyası, qadınların iqtisadi fəallığı haqqında iqtisadi dəyərləndirmə etməyini istədik.

R.Həsənovun sözlərinə görə, qadınların əksəriyyəti əsasən, təhsil və səhiyyədə, xidmət sektorunda çalışır, bu sahələrdə də gəlirliliyin azlığı əksər hallarda qadınların maliyyə müstəqilliynə səbəb olmur:

“Baxmayaraq ki, Dövlət Statistika Komitəsi iqtisadi fəal qadınların təxminən 94%-ni məşğul qrupa, yəni işləyənlər sırasına daxil edir, əminliklə deyə bilərik ki, reallıq heç də belə deyil. Və bu, hər kəsin müşahidə edə biləcəyi bir məqamdır. Belə ki, ilk növbədə nəzərə almaq lazımdır ki, ölkədə mentalitetdən qaynaqlanan “qadın işləməz” yanaşması hələ də öz dominatlığını qorumağa çalışır. Xüsusilə də regionlarda qadınların böyük əksəriyyəti işləmir.

İşləyən qadınlar isə daha çoxdur ki, bu sahələrdə də gəlirliliyin azlığı, əksər hallarda qadınların maliyyə müstəqilliynə səbəb olmur. Məsələn, təhsil sektorunda çalışan qadın üçün ölkə üzrə orta aylıq əmək haqqı 255 manat, səhiyyədə isə 140 manata yaxındır”.

Ekspert qadınların iqtisadi asılılığını yaradan digər bir məqama da toxunub:

“Digər bir məqam, rəsmi statistika mövcud metodologiyaya uyğun olaraq kənd yerlərində yaşayan qadınları, yəni ailənin adında torpaq sahəsi varsa onları işlə təmin olunmuş hesab edir. Nəticədə işləyən qadınların 34%-ə yaxını, yaxud 800 min nəfəri kənd təsərrüfatı ilə məşğul olur kimi bir mənzərə yaranır. Lakin, düşünürəm ki, bu yanaşma da vəziyyəti düzgün əks etdirmir. Birincisi ölkədə kənd təsərrüfatı gəlirli sahə hesab olunmur və burada çalışanların böyük əksəriyyəti zəruri tələbatlarını belə qarşılamaq gücündə deyil. Yəni əslində işsiz kimidir. Digər tərəfdən əvvəlki dövrlərlə müqayisədə gənc qadınlar daha təsərrüfat işlərinə meyilli deyil və ailələr də qadın əməyinin bu sahədə istifadəsi hallarını azaldır”.

Həsənov onu da əlavə edib ki, qadınlar de yure məşğul görünsələr də, de fakto işsizdirlər:

“Diqqət etsək görərik ki, qadın sahibkarlığının vəziyyəti də qənaətbəxş deyil. Belə ki, məşğul qadınların yalnız 8,7%-i fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Lakin, bu statistika belə reallığı əks etdirmək gücündə deyil. Belə ki, əksər hallarda müşahidə edirik ki, rəsmi qurumlar tərəfindən (Vergilər Nazirliyi) qadınların adına qeydə alınmış VÖEN-lər əslində kişilər (bu qadınların həyat yoldaşı, övladları və s.) tərəfindən idarə olunur. Yəni qadınlar yenə de yure məşğul görünsələr də, de fakto işsizdirlər.

Bu kimi problemlərdən başqa özəl sektorda qadınlar daha çox ucuz işçi qüvvəsi kimi qiymətləndirilir. Bu isə kişilərlə müqayisədə eyni işi görən qadınlar üçün daha az əmək haqqı müəyyən edilməsinə yol açır. Nəticədə ölkə üzrə qadınların orta aylıq əmək haqqı 260 manat olmaqla kişilərə nisbətən təxminən 2 dəfə azdır. Kişilər üçün orta aylıq əmək haqqı 550 manatdan artıqdır”.

“Bütün bunlar sonda qadınların iqtisadi sərbəstliyinin az olmasına səbəb olur. Lakin, sonda bir nüansı da qeyd etməliyəm ki, əslində qadınların işləməsinin daha az yayıldığı islam ölkələrindəki dövlətin işsizliklə mübarizə yükü digərləri ilə müqayisədə daha az olur ki, bu da əslində siyasi hökumətlər baxımından bir avantaj hesab edilə bilər” - deyə, iqtisadçı əlavə edib.

Əslində, qadınların iqtisadi cəhətdən asılı olmasının səbəblərindən biri də təhsilə sadəcə diplom almaq üçün baxmalarından qaynaqlanır. Bu gün az sayda qadın diplom aldıqdan sonra peşəkar olmaq barəsində düşünür.

Əgər Bakıda qadınlar arasında “diplomlu, təhsilli qadın” anlayışı hökm sürürsə, regionlarda isə çox təəssüf bu fikir yoxdur.

Belə ki, 9-cu sinfi bitirən şagird, artıq qadın olmuş anadan hansı iqtisadi azadlığı gözləmək olar. Həmin qadının onsuz da hüquqları əlindən alınıb (təhsil almaq hüququ). Əlbəttə, o da lap 5 manat olan ayaqqabı üçün belə pul kisəsinin yanında, (yəni kişi) boyun bükməli olacaq.

Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə də təsdiq etmişdi.

Belə ki, komissiyanın sədri ilin əvvəlində təşkil etdiyi mətbuat konfransında bildirmişdi ki, Azərbaycanda 20 ildir ki, qəbulun nəticələri təhlil edilir. Bunun nəticəsində biz təkcə oğlan və qızların necə oxumasını deyil, hansı regionlarda qızların, oğlanların necə oxuduqlarını, hansı ixtisaslara daha çox üstünlük verdiklərini öyrənirik:

“Hazırda Azərbaycanda ən yaxşı oxuyanların, ən yüksək nəticə göstərənlərin arasında oğlanların sayı çoxdur. Amma ən pis nəticə göstərənlərin - 100 baldan aşağı toplayanların arasında da əsasən oğlanlardır”.

TQDK sədrinin dediyinə görə, ölkədə orta nəticə göstərənlərin arasında qızlar çoxluq təşkil edir:

“Orta statistik nəticələri oğlanlarla müqayisədə qızlar daha yaxşı göstərirlər. Amma ən yaxşı nəticə göstərənlər arasında oğlanlar üstünlük təşkil edir. Oğlanlar ya oxuyur, ya da oxumur. Oxuyan oğlanlar da imtahanda yaxşı nəticə əldə edirlər” - deyə, M.Abbaszadə qeyd etmişdi.

Şübhəsiz ki, dövlət strukturları qadınların təhsilə, məşğulluğa cəlb edilməsi üçün müəyyən işlər görürlər. Amma bu, cəmiyyətdəki qadınların təhsilə, iqtisadi azadlıq haqqında düşüncələrinin dəyişməsinə səbəb olmur. Yəni, strukturların gördüyü işlər deyil, məncə cəmiyyətdəki fikir dəyişilməlidir.