Çap

Prezident: “2016-cı il Azərbaycanda dərin iqtisadi islahatlar ili olacaq”

Tarix . Kateqoriya Xəbərlər

 

d1593380c5d1c9435e9fb90861789b59
"Əlavə sərəncam və fərmanlar da imzalanacaq ki, iqtisadiyyatımız güclənsin”

“Maaşlar, pensiyalar artırılıb, bu, sosial siyasətimizin nəticəsidir”.

Gemi.az-ın APA-ya istinadən məlumatına görə, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda  Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, manatın məzənnəsinin sona qədər sabit saxlanılmasına çalışılıb: “Neftin qiymətinin 4 dəfə, qonşu ölkələrin mili valyutalarının 100 faiz dəyərdən düşməsi manatın məzənnəsini sabit saxlamağa imkan vermədi. Ancaq nəzərə almaq lazımdır ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Sosial siyasət, dərin iqtisadi islahatlar bizə bu vəziyyətdən də uğurla çıxmağa imkan verəcək. 2016-cı il dərin iqtisadi islahatlar ili olmalıdır və olacaq. Əlavə sərəncam və fərmanlar da imzalanacaq ki, iqtisadiyyatımız güclənsin”.

Prezident İlham Əliyev bildirib ki, son 12 ildə ölkədə 25 elektrik stansiyası tikilib: “2004-cü ildə demək olar ki, rayonlarda qaz yox idi. Biz 2007-ci ilə qədər qazı xaricdən alırdıq. Bu gün Azərbaycan üzrə qazlaşma 90 faizə çatıb, sovet dövründə qaz üzü görməyən ucqar yerlərə də qaz çəkdik. Bölgələrdə qazlaşma səviyyəsi 80 faiz təşkil edir. Son illərdə 12 min km yol çəkilib. Bizi başqa ölkələrlə birləşdirən magistral yollar qurulub. Eyni zamanda kənd yolları çəkilir, bu il də bu məqsədlə əlavə vəsait ayrılacaq. Digər tərəfdən, əhaliyə 24 saat ərzində təmiz su verilməlidir, bu istiqamətdə də işlər görülür".

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda 5 minə qədər məktəb var, son 12 ildə 3 min məktəb tikilib: “Son 12 ildə maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artıb. 89 köçkun qəsəbəsi tikilib, 225 min insan yeni mənzillərə köçürülüb. Hesab edin ki, böyük bir şəhər yaratmışıq. Digər tərəfdən, ötən müddət ərzində sahibkarlara 1,7 milyard manat güzəştli kredit verilib. 12 il ərzində Azərbaycana 200 milyard dollar xarici sərmayə qoyulub. Sabitlik olmasa, bu qədər xarici sərmayə Azərbaycana qoyulardımı?"