Əsas Səhifə Düşüncə Füzulini Oxuyarkən – Nurullah Ataç

Füzulini Oxuyarkən – Nurullah Ataç

Bilirik, gənclər artıq oxumur divan şeirimizi. Necə oxusunlar? Nə üçün oxusunlar? Artıq o şeirlərin dilini başa düşmürlər ki. Onların dünyagörüşü, sənət anlayışları, gözəllik möhnəti də günü-gündən uzaqlaşır bizdən. Varlıq yayımlarında şərhli seçmələr nəşr olunur, diqqətlə hazırlanır o bap-balaca kitablar, amma mənə elə gəlir, qabaqdan gələnlərə, günümüzün uşaqlarına Füzuli sevgisini, Baqi, Nədim sevgisini aşılamağa onlar da bəs eləmir. Onlar bir “vərəqi mehrü vəfa[1]”-dır, alan olsa da, oxuyan, dinləyən yoxdur…

Gənclərdən şikayətlənmək, onları tənqid etmək üçünmü deyirəm bunları? Yox, daha keçibdir bizim divan şeirimizdən, səhifəsi bağlanıbdır. Açılmağını da vacib bilmirəm. Başqa tərəfə — divan şeirinə tamam qərib olan bir tərəfə çevirmişik gözlərimizi, istəsək də çevrilib arxamıza baxa bilmərik daha. “Ənənəmizi buraxırıq, keçmişimizdən qopuruq!” deyə gileylənənlər var. Neyləyək? Diriliyini itirmiş ənənələri güclə saxlaya bilməzsiniz ki! Gəncləri sıxışdırmayın, Füzulini, Baqini oxumalarını istəməyin. Bilin ki, oxusalar, oxuyub başa düşsələr də onların yazdıqlarını bəyənə bilməzlər, bir təbəssümlə baxarlar, bu da bizim acığımıza gələr, içimizi yaralar.

Gənclər divan şeirimizi oxumur ha, biz – əllini, altmışı haqlamış qocalar da heç cür bağlaya bilmirik onu. Neyləyək? Biz də onunla yoğrulmuşuq, duyğularımız onunla qidalanıb, gözəllik nədir o öyrədib bizə. Sevdiyimiz, sevə bildiyimiz “ən böyük Tanrının könlümüzə qonaq ola bildiyi” uzaq günlər xatirimizə gəldisə, yenə açırıq divanları, açmasaq da o gözəl beytlər canlanır dodaqlarımızda, sarıb-sarmalayır bizi. Hələ Füzuli! Biz heç keçə bilərik Füzulidən? Bizim üçün o təkcə şair deyil, eşqin səsidir, xoş bir dərdlə yenidən yaşamağa çalışdığımız keçən günlərin səsidir, illərlə bəzədiyimiz xatirələrin yanğısıdır.

Dönə-dönə açıb oxuyuram Füzuli divanını. Amma indi Füzulinin şairliyindən, beytlərinin gözəlliyindən danışmayacağam. İstəsəm də, əlimdən gələrmi? O gözəlliyi duyanlar mənim danışmağımı gözləməz, duya bilməyənlərə də nə qədər danışsam əbəsdir. Məncə Füzuli divanında bir neçə səhv var ki, onların üstündə dayanacağam. Xəlil Nihad Boztəpə Nədim divanını hazırlayarkən bir beytdə —

Bəzmə bir dəxi dönüb gəlmək deyildi niyyətin,

Getdiyin vaxt anladım ömrüm şitabından sənin

beytində bir səhv tapmışdı. “Ömrüm” sözünün burada yeri olmadığını, bir istinsax[2] xətası olduğunu, “əzmi…” oxunmalı olduğunu deyirdi. Məncə “ömrüm” ola bilər, bir xitabdır, durğu işarələriylə belə yazılmalıdır: “Getdiyin vaxt anladım, ömrüm! Şitabından sənin” Nədimdə belə xitablar var, belə zənn edirəm ki,

Sanar idim ki ənbəri əttarlar satar,

Canım şəmimi-zülfi-siyəhfamın almadan

Beytinin ikinci misrasındakı “canım” da “almaq” feilinin mübtədası deyil, bir xitabdır:”Canım! Şəmimi-…”

Gələk mənim Füzuli divanında tutduğum səhvlərə. Bunları neçə ildir çox kimsələrə dedim. Davamlı üzərində işlədiyim mövzulardan olmadığı üçün yazmaq istəmirdim. Bugünlərdə bir rəfiqlə söhbətləşəndə ona da dedim. “Sən bunu mənə bir dəfə də danışmışdın, yadımdan çıxmışdı. Yaz ki, yaşasın” dedi. İndi onun üçün kağıza keçirirəm.

Əvvəla Füzulinin ən çox oxunan qəzəllərindən birində gördüyüm yanlış üzərində dayanaq:

Hasilim yox səri-kuyində bəladən qeyri,

Qərəzim yox rəhi-eşqində fənadən qeyri.

Görə bildiyim bütün yazma, yaxud çap divanlarda birinci misrada “bəla” yazılıb. Məncə orada “bəla” ola bilməz. “Bəla” qafiyə olaraq azca aşağıda yenə gəlir:

Yetdi bikəsliyim ol qayətə kim, çevrəmdə

Kimsə yox çizginə girdabi-bəladən qeyri.

Burada da “bəla”-dan başqa bir şey ola bilməz. Füzuli yeddi beytlik bir qəzəldə, “bəla”-nı qafiyə olaraq niyə iki dəfə istifadə eləsin? O qəzəldə “əza” yox, “cəfa” yox, “a” ilə qurtaran ərəbcə, farsca sözlərin çoxu işlədilməyib. Bunun üçün dəqiq olaraq deyə bilərəm ki, birinci misradakı “bəla” yanlışdır, bir istinsax yanlışıdır. Amma nə ola bilər? Məncə “büka” ola bilər. yəqin ki,  بكا yazılıb, diqqətsiz müntənsix[3] də bunu oxuya bilməyib, “bəla” verib, sonradan da yazma, çap divanlara elə o formada keçib. “Bəla” yerinə “büka” qoyduqda məna daha da uyğunlaşır:”bəla” hasil edilməz. Nə deyir Füzuli? “Sənin olduğun yerlərdə gəzişirəm, amma oralarda “büka”-dan, göz yaşından başqa bir şey hasil edə bilmirəm. Buna da məmnunam, ağlaya-ağlaya əriyəcəm, mənim istədiyim də, elə budur.”

Başqa bir qəzəldə:

Mən bilməzəm mənə gərəyin, sən həkimsən,

Mən’ eylə, vermə, hər nə gərəkməz sana, mana.

Bu da həm yazma, həm də çap divanların demək olar hamısında belədir. Əli Nihad Tarlan bəyin yayımladığı divanda da elədir, ancaq sonradan düzəldilib, “yanlış-doğru cədvəli”-ndə “mənə mənə”, daha doğrusu “mana mana” deyə göstərilib. Əlbəttə “mana mana” olacaq. Əvvəla, “sana” qafiyəsi yuxarıda işlədilib:

Ya Rəb, həmişə lütfünü et rəhnüma mana,

Göstərmə ol təriqi ki, getməz sana, mana.

Sonra necə olur ki, bir qul, inanan bir insan Tanrıya “Sənə gərək olmayanı mənə də vermə” deyə bilir? Qida gərək deyil Tanrıya, tapınma arzusu gərək deyil, bir qul “Bunları sənin kimi, mən də istəmirəm” deyə bilərmi? Məncə o beytdəki “həkimsən” sözünün də “alimsən” olması gərəkdi. “Mən bilməzəm” deyə başlayır, bilməməyin əksi bilməkdir, o halda Füzuli Tanrıya “Sən bilicisən” deyəcək, “alimsən” deyəcək. Müstənsix orada “hakimsən” deməyi daha gözəl bilib, elə deyib, amma Füzuli düşüncəsindən də qırağa çıxıb.

Başqa bir qəzəldən:

Eşq zövqilə xoşam, tərki-nəsihət qıl, rəfiq!

Mən ki, tiryakimizacəm, zəhr kar etməz mana.

İkinci misrada “zəhr” sözünün ucu açıq qalır, damdan düşən kimi gəlir: “Mən eşq zövqündən məmnunam, mənə zəhər kar eləməz…” nə deməkdir bu? Nə deyir Füzuli? “Ey dost! Sən mənə nəsihət verirsən, eşqin başını burax deyirsən, eşqin bir ağı olduğunu söyləyirsən. Qoy elə olsun! Bu mənim adətimdir, ağı mənə təsir etməz!..” Belə olduqda “eşq zövqü” yox, “eşq zəhəri” olacaqdır.

Füzulinin “Necə bir vəsvəseyi-əql ilə giryan olalım?[4]” deyə başlayan mürəbbesi, ən sevdiyim şeirlərindəndir. Nəqəratı yazmalarda da, çaplarda da belədir:

Məstü mədhuşü xərabati vü bibak olalım.

Birinci “və” ilə üçüncü “və”-nin yanlış olduğuna şübhə varmı? “Məsti mədhuş”, “xarabatiyü bibak” olması daha doğru, daha ağlabatan deyilmi? Bir müstəntix o səhvi eləyib, bəlkə orada bir ləkəni, bir bəzəyi “və” bilib, elə yazıb, sonradan da düzəltməyiblər.

O mürəbbenin son parçası belə başlayır:

Badədən qeyri ki, qəm dəf’inə bir cam yetər,

Nəqdini nəşvəyə hər kim verər əlbəttə ايتر.

Buradakı “ايتر”-i “itər” deyə oxuyurlar, “atmaq” yerinə işlədildiyini deyirlər. “İtmək” nə üçün “atmaq” demək olsun? “Pulu itmək” nə deməkdir? Bunu soruşanda belə deyirlər: “Pulunu şərabdan başqa bir nəşvəyə verən, o pulu atmış olar, çünki qəmi dağıtmağa ancaq şərab yarayır.” Mənə bu şərh doğru gəlmir, çünki “nəşvə” şərabın, badənin verdiyi haldır. Məncə ikinci misra belə oxunmalıdır: “Nəqdini nəşvəyə hər kim verər əlbəttə ütər”, yəni “pulunu şərabçün qıymamazlıq eləmə, pulunu nəşvəyə verməklə qazanmış, ütmüş olarsan”. Amma onda da birinci misranın mənası itir. Orada da bir istinsax xətası vardır: “qeyri” deyildir, bəzi yazmalarda bu söz “غير” olaraq, yəni “ى”-siz yazılıbdır. Məncə müstənsix başqa bir sözü, “xeyr” sözünü “qeyr” oxumuşdur. Füzuli “Xeyir badədən gələr, çünki qəmi ancaq o dağıdar, buna görə də pulunu nəşvəyə verən qazanmış olar.”

Bütün divanlarda belə deyil, amma heç birində də bilavasitə uyğun görüləcək bir forma yoxdur. Əli Nihad Tarlan bəy “Badədən qeyri ki qəm dəf’inə bir cam yetər – Nəqdini hər nəyə hər kim verəcək olsa itər” deyə alıb. Buradakı kəkəməliyə baxın! Füzulinin belə dediyini zənn etmirəm.

“Sərvi-azad qədinilə mana yeksan görünür” beytiylə başlayan qəzəli də çox sevirəm. İstanbul nəşrlərindən birində, sonradan əvvəlinə Köprülü bəyin təqdimatı əlavə olunan nəşrdə son beyt belədir:

Bir sənəm zülfünə guya ki, veribdir könlün

Ki, Füzuli yenə mədxuşi pərişan görünür.

Əksər yazmalarda belə deyil, axırıncı misra belə olubdur: “Ki, Füzulinin ikən halı pərişan görünür.” Birincinin gözəlliyinə, ikincinin isə dadsızlığına, kəkəməliyinə baxın! Əgər bunu desəniz “Amma Füzuliyə ikən demək yaraşır!” deyirlər. O birini demək yaraşmazmı?

Elə zənn edirəm, Füzuli divanlarında buna bənzər çox səhvlər tapılar. Tənqidi, kritik gözlə oxumaq gərəkdi. Di gəl ki, bizdə müstənsix vəzndə, qafiyədə səhv eləyibsə, üzərində dayanılır, amma mənada səhv eləyibsə üzərində dayanılmır.

 

[1] Mehribanlıq və vəfa vərəqi

[2] surətini çıxarma, üzünü köçürmə

[3] İstinsax edən, köçürən

[4] Bu misra hər yerdə “Necə bir vəsvəseyi-əql ilə qəmnak olalım” olaraq verilib.

 

Dilimizə uyğunlaşdıran: Əmmar Əkbər

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00