Əsas Səhifə Köşə Yazısı Dəyər ölçüsü – Həmzə Həsənli

Dəyər ölçüsü – Həmzə Həsənli

Bəzən bu suallarla qarşılaşırıq: “İnsanın dəyəri nədir? Onu dəyərli edən nədir?”. Düzdür, tez-tez bu kimi suallar barəsində ətraflı fikirləşməsək də, düşüncəmizdə formalaşan bir dəyər anlayışı var. İnsanları bu dəyər tərəzimizdə çəkib bir nəticəyə varırıq. Amma bu nəticə həmişə doğru olmur, yanıla da bilirik. Əslində, yanılma özü də dəyər anlayışımızdan qaynaqlanır. Bəzən bizim dəyər verdiyimiz şeylər həqiqətdə o qədər də dəyərli olmur. Ya da tam tərsinə… Bizim dəyər anlayışımız davranışımıza birbaşa təsir edir. Dəyərsiz gördüyümüz insanlarla danışığımız, davranışımız başqa cür olur. Maraqlısı budur ki, bəzən dəyər anlayışımıza görə əslində dəyərli olan insanları aşağılayırıq. Onlara sözlərimiz, hərəkətlərimiz, baxışlarımızla təzyiq edirik. Hətta qəlb qıracaq səviyyəyə də vara bilirik. Bizim bu cür davranışımız digər insanlara da təsir edə bilir. Kimsə “Dəyərlilər” arasına girə bilmək üçün bir çox şeyini fəda edir. Amma sondakı nəticə heç də gözlədiyi kimi olmur. Kimisi də aşağılanan insanlar kimi kənarda qalır. Hətta cəmiyyətdən uzaqlaşanları, içinə qapananları, depressiyaya düşənləri də olur.

Vurğulamaq istədiyim digər məsələ budur ki, insanlar üçün formalaşan dəyər anlayışı çox vaxt maddiyyata bağlı olur. Maddi imkanları olanlar dəyərli, olmayanlar isə dəyərsiz olur gözümüzdə. Əlbət, maddiyyatın lazımsız oluğunu demək düzgün fikir deyil, lakin maddiyyatın bir dəyər ölçüsü kimi görülməsini də qəbul etmək doğru deyil.

Bəs insanı, həqiqətən, dəyərli edən nədir?

Şübhəsiz ki, onun insanlığı… İnsanların həyatına dəyər qatan, onlara ümid bəxş edən, onları həyata bağlayan insalardır dəyərlilər. Başqaslarına qarşı eqoistcə davranmayan insanlar dəyərlidir.  Yıxılanın əlindən tutan, bilməyənə öyrədən, təmsil etdiyi sosial təbəqədən asılı olmayaraq insana insan kimi yanaşa bilənlərdir dəyərli.

Düşünürəm ki, insan hər şeydən öncə özü üçün sağlam bir dəyər anlayışı formalaşdırmalıdır və yalnız bundan sonra dəyərli olmaq yolunda çalışmalıdır. Həmçinin biz əsrlərin sınağından keçmiş, bizi biz edən dəyərlərimizə də sadiq qalmalı, onları həyatımıza daşımalıyıq.  Öz dəyərlərini bilən və onlara sahib çıxan insan üçün digərlərinin formalaşdırdığı “dəyərli insan modeli”nə ehtiyac qalmır.

Bunları də bəyənə bilərsiniz

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00