Əsas Səhifə Nəsr İstəyin rəngi – Əmmar Əkbər

İstəyin rəngi – Əmmar Əkbər

Pəncərədən pərdənin arasıyla otağa süzülən işıq tuşlanıb düz Akifin gözünə düşəndə o başa düşdü ki, işə getmək vaxtı gəlib çatıb. Əvvəl yerində qurcalandı, sonra çarpayıda oturub ayaqlarını sallayaraq divardakı zəngli saatı seyr eləməyə başladı. Həmin andaca elə bil şeytan onu azdırdı, cığal-cığal durub divardakı saatı iki saat arxaya çəkdi ki, Zərifə zəngi eşidib onu durğuzmasın. Amma nə fayda, Akif yeyin-yeyin çarpayı tərəfə yeriyəndə Zərifə qapını açıb içəri girdi, Akifi yaman yaxaladı.

– Ayə, Akif, nağarırsan? Tez əynini geyin, işə gecikirsən.

– Getmək istəmirəm, Zərifə, özümü pis hiss eləyirəm. Nolar, bu gün getməyim…

Akif bu bəhanəni elə fağırcasına söylədi ki, Zərifənin bir anlıq ürəyi sızıldadı, amma bunu büruzə vermədi. Qətiyyətli görkəm alıb, təzədən ərinə səsləndi:

– Ay Akif, heç elə şey olar? Gəl, geyin, şalvar-köynəyini ütüləyib stulun başına asmışam. Geyinəndən sonra de, gəlim qalstukunu da bağlayım.

Akif gördü ki, başqa çarə yoxdur, ağır-ağır şalvarını əyninə keçirməyə başladı. Geyinə-geyinə bərkdən özünü qarğıyırdı, əslində səsini Zərifəyə eşitdirmək istəyirdi. Zərifə də o biri otaqda xısın-xısın öz bəxtini yamanlayırdı, heç Akifi eşidəcək halda deyildi. Niyə belə elədiyini heç Zərifənin özü də bilmirdi. Öz-özünə hey düşünürdü ki, niyə xoşbəxt deyil? Axı tez-tələsik adaxlanıb dədə evindən köçmüşdü ki, bəlkə bir ağ gün görə. Yoxsa ərini istəmirdi? Yox, yox, istəyirdi, daha doğrusu, ərinə yazığı gəlirdi. Elə bir az qabaq əri üçün ürəyi yanmamışdımı? Amma bu ürəyiyanma ər-arvaddan çox, ana-bala arasındakı bir qayğıya bənzəyirdi.

Akif boğazını sıxan qalstuku genəldə-genəldə işə tərəf addımlayırdı. Bir yandan da fikirləşirdi ki, Zərifə onu oyatmasaydı, indiyə gözünə düşən gün şüası öləziyər, Akif də təzədən mışhamış yuxuya gedərdi. Səkidə gedərkən palçığa bələnə-bələnə topla oynayan uşaqları gördü, qaçıb onlara qoşulmaq istədi. Sonra gördü ağlından keçəni eləsə, təzə ütülənmiş şalvarının balağı palçığa batacaq, üst-başdan çıxacaq, fikrindən daşındı. Düzü onun üçün fərqi yoxdu, təki işə getməsin, amma Zərifə xəbər tutsaydı…

Doğrudan, Zərifə xəbər tutsaydı neyləyərdi ki? Söyməzdi, döyməzdi… Bəs niyə belə çəkinir, Zərifənin adı gələndə tir-tir əsirdi? Onun bir solğun baxışı, bezikmiş tərzdə “yenə?” deməyi ərini haqlamağa yetirdi.

Zərifə xüsusən Akif işə gedəndən sonra yaman darıxardı. Akif olanda heç olmaya onun nazıyla oynayar, şıltaqlıqlarına tab gətirərdi. Baxmayaraq ki, Zərifə dədə-babadan bunun tam tərsini görmüşdü. Dan yeri ağarandan toran düşənəcən bir əlinə yumaq, bir əlinə mil götürər, hey nəsə toxuyardı. Bu məşğuliyyət ona köhnə, lap köhnə günlərini – kənddə nənəsigildə qalanda nənəsinin həsir üstündə oturub təkəlduz toxuya-toxuya nağıl danışdığı vaxtları xatırladardı. Zərifəni xatirələr qanadına götürüb aparar, o günlərdən ötrü burnunun ucu göynəyərdi.

Zərifə dünən bazara gedəndə meyvə-tərəvəzdən başqa, sarımtıl ipək də almışdı, di gəl ki, dünəndən ürək eləyib işlədə bilmirdi. İpəyin rəngi kənddəki sünbüllərin rəngindəydi, sübh çağı par-par parlayan şəfəqin qırmızısından süzülən həmən rəngdi, nənəsinin kəlağayısı da bu rəngdən əmələ gəlmişdi. Yuxularını bu rəngdə görürdü. O bu rəngi sadəcə xatırlamırdı, bu rəngi bilirdi, bu rəngi duyurdu, qoxlaya, dada bilirdi, axı bu rəngi yaşamışdı. Damarlarında axan bu rəngdi, bu rəngin içində çağlayan ruhu elə bu rəngə təşnəydi. Akifdə bu rəngdən bir əsinti hiss eləsəydi, onu mütləq dəlicəsinə sevərdi. Amma Akifdə bu rəngdən əsər-əlamət yoxdu, Akif bozumtuldu, gün batan vaxta oxşayırdı. Ancaq bu bozluq ölgün deyildi, bir uşaq çöhrəsi kimi işarırdı.

Zərifə axırda bu fikrə gəldi ki, ipəyə qıyıb onunla şərf toxusun. Yumağı açdı, “Bismillah” eləyib başladı ilməkləməyə. Bu işi elə səbirlə, elə hövsələylə görürdü ki, kresloya paralel yerləşdirilmiş güzgüdə solğun çöhrəsini görəndə elə bildi nənəsi balaca Zərifənin ah-naləsini duyub, gəlib onun hayına qalmağa, ayaqlarına uzadıb yellədə-yellədə yatırtmağa.

Zərifə günortaya kimi şərfi toxudu, hələ üzərini qırmızı ipəkdən naxışlarla da bəzədi, sonra dərindən köks ötürüb fikirləşdi ki, axşamacan başını necə qatacaq… İstədi mürgüləsin, uzandı, amma gözünə çimir getmədi. Yerində dikəldi, durub hamama getdi, güzgüdə özünü xeyli seyr elədi, sonra nuh əyyamından qalma qonur saç boyasını götürdü, başladı saçını ehmalca daraya-daraya rəngləməyə. Xeyli vaxtdan sonra – arabir yalandan təbəssüm etməyini nəzərə almasaq – nəhayət Zərifə gülümsünürdü. İndi işvəli-işvəli axşamı gözləyirdi ki, Akif gəlsin, gözəlliyini vurğulayıb onu tərifləsin.

Qapının taqqıltısından Zərifə başa düşdü ki, gələn Akifdi. Hər gələndə şəhadət barmağının buğumuyla uşaq kimi qapıyı tez-tez döyəcləyirdi. Zərifə ilk dəfə idi ki, Akifin qabağına çıxmağa bu qədər həvəslə addımlayırdı. Qapını açdı, ərini qaşqabaqlı görəndə heyrətləndi, çünki Akif, demək olar, həmişə qımışardı. Əsəbləşməyi də üç-dörd dəqiqə çəkər, ya çəkməzdi.

– Ayə, Akif, nolub?

– Heç zad.

Bunu deyəndə Akifin səsi titrəyirdi.

– Gedim əlimi-üzümü yuyum, gəlləm.

Zərifə artıq söz demədi, gedib divanın yanında gözləməyə başladı. Hamamdan gələn boğuq səsdən anladı ki, Akif ağlayır. Bir azdan o gələndə Zərifə eşitdiyini bildirmədi, səbirlə Akifin danışmağa başlamasını gözlədi.

– Zərifə, sən məni istəyirsən?

– Booy, bu hardan çıxdı indi? Həə, nəydi ki?

– Doğrudan istəyirsən?

– Həə…

– Lap çox?

– A kişi, durub-durduğun yerdə bu nə məhəbbətbazlıqdı indi? Sözünü denən görək.

– Elə deyəsən məni təkcə sən istəyirsən, Zərifə, bir də rəhmətlik anam.

Zərifə udqundu, elə bil daxilində bir səs onu sorğuya çəkirdi, deyirdi ki, “Zərifə, doğrudan istəyirsən?” Zərifə hey deyirdi ki, hə, istəyirəm, amma xatircəm ola bilmirdi. Əslinə baxsan, yalan da demirdi, amma nəsə narahatdı.

– Sən Allah, nolub, Akif?

– Yadındadı, səhər çantamın qabaq cibində bir sənəd vardı – müqavilə. Onu mən hazırlamışdım, dünən işdən gələndə çıxartdırmışdım da. Vallah, mənim yadımdadır, çıxartdırmışdım, çantanın içindəydi. Bu gün getdim, gördüm yoxdu. Bilmədim neyləyim, heç kəs də mənə inanmadı.

Akif bunları deyəndə təzədən gözləri doldu.

– Sən mənə inanırsan, Zərifə?

– İnanıram

– Onlar da inanar?

– İnanarlar, inanarlar, sən ürəyini sıxma.

– Zərifə…

– Hə…

– Mən də səni çox istəyirəm, lap çox…

Zərifə çaşıb qaldı, Akifdən bu sözü gözləmirdi. Akif tündməcaz adam deyildi, sadəcə, bu sözü heç deməmişdi. Amma igidi öldür, haqqını ver, həmişə hiss elətdirmişdi. Necə bir uşaq anasına bu sözü demir, amma hiss elətdirirsə ki, sənsiz qala bilmərəm, Akifin də istəməyi bu qəbildən bir şeydi.

Akif qollarını açdı, Zərifəylə bir dəqiqəyə yaxın qucaqlaşdılar. İndi Akifdən də o rəngin ətri gəlirdi, Zərifə o ətri doyunca içinə çəkdi, qoxuladı, mənimsədi. Bir qədər gözləyəndən sonra Akif:

– Zərifə, “Piter Pen”ə baxaq?

Zərifə gülümsəyib özünü ərinə qoşulmağa məcbur hiss elədi. Akif qabaqdan, Zərifə də onun ardınca televizorun önünə tərəf getdilər, Akif qəfil duruxsunub arxaya çöndü, zəndlə Zərifəyə baxdı.

– Zərifə, saçını rəngləyibsən?

– Həə, xoşun gəldi?

– Əvvəlki daha yaxşıydı…

Bunları də bəyənə bilərsiniz

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00