Səməndərlə Lalə məktəbi bitirdikdən sonra heç həyatı düz-əməlli dərk etməmiş, valideynlərinin təkidi ilə evlənmişdilər. Arada-bərədə yaz yağışı kimi keçən mübahisələri olsa da, demək olar, xoşbəxt və firavan yaşayırdılar. Xoşbəxtlikdə Leyli ilə Məcnunu qısqandırsalar da, maddi baxımdan az qala dilənçiyə belə qibtə edirdilər.
Səməndərin atası onun hüquq oxumasını istəmişdi, amma o, xəyallarının ardınca gedib jurnalistika ixtisasını seçmişdi. Səməndər çox savadlı olmasına baxmayaraq, iş yerində təmizlikçi kimi işlədilirdi, hətta ona cızma-qara eləməyə belə imkan vermirdilər.
Həmişəki kimi, gün buludların arasından gülümsəyəndə Səməndər qalxıb geyindi. O heç vaxt arvadını öpmədən evdən çıxmaz, qayıdanda da öpmədən evə girməzdi. Laləni öpəndə o dedi:
– Səməndər, bu nə şalvardı, geyinmisən? Görmürsən, ağarıb?
– Eh, neyniyim e? Gedib döşəmələri silib gələcəm də…
Lalə ərini bu vəziyyətdə görəndə lap dilxor olurdu. Səməndər bunu dedikdən sonra ona kartof almasını tapşırmaq da yadından çıxdı.
Həmişəki kimi Səməndər gün batanda evə qayıtdı. Fəqət bu gün onun üzündə fərqli bir ifadə vardı. Lalə bunu dərhal sezib soruşdu:
– Bu gün deyəsən nəsə baş verib? Bir yerdə dayana bilmirsən.
Səməndər döşünü qabağa verib qürurla dedi:
– Bu gün başqa bir şirkətdən iş təklifi aldım!
– Həqiqətən?
– Hə… Amma bilmirəm nə edim…
– Necə yəni nə edəsən? Getməyəcəksən?
– Nə bilim e, valla… Buradakı müdirə görə qalmışam… Həm də o şirkət dövlətindir, iş də dövlət işi olacaq.
– Lap əla! Onda maaşın da çox olar. Özü də o müdirin nəyini bəyənirsən axı?
– Anam əməliyyat olanda kömək eləmişdi… yadından çıxıb?
– Sənə verməli olduğu pulu vermişdi də. Bir də dövlət işindən niyə qorxursan axı?
– Nə bilim… Üç ildir heç nə yazmamışam. Qorxuram, gedib orada rüsvay olam. Dövlət işi də ki… Eh, qorxuram axırda bizim müdir kimi varatnikli odun parçasına dönəm.
– Azzar! Bəs deyirdin müdirdən xoşum gəlir?
– Üzünə güldüm ha, deyəsən…
– A kişi, mən sənin yaxşılığın üçün deyirəm də!
Səməndər onun son sözlərini tam dinləmədən balkona çıxdı. Əlində qələmi, nəsə yazmağa çalışdı, amma qələm ondan incimişdi. Gedib Laləyə baxdı ki, bəlkə ağlına nəsə gələr, amma yenə də heç nə gəlmədi. Bir şey yaza bilmədiyindən Laləyə gileyləndi:
– Görürsən? Onsuz da dövlət işində işləyənlər axırda pis olur. Mən də çəkinirdim ki, onlar kimi olub insanlara pislik ötürərəm. Dövlət işində işləmək kirpiyinlə od götürmək kimidir…
– Olsun də. Bir şey həm yaxşı, həm pis ola bilər. Səhər durmusan, yağış yağır, pəncərəni açırsan. O havada, o yağışın səsi ilə istəyirsən bir az da yatasan, o sənə ləzzət verir. Bir də var, səhər durursan, baxırsan ki, vay dədə, yağış yağır, amma həmin gün açıq havada vacib işin vardı, onda yağışa nifrət edirsən. Yadında saxla, Səməndər, gəmini üzdürən də, batıran da sudur. Dövlət işi yaxşı da olar bilər, pis də. Sən yaxşı istifadə eləsən, yaxşı; pis istifadə eləsən, pis olar. Mən sənə inanıram. İstəmirsən ki, bu səfil həyatdan qurtulaq?
Lalə ali savadlı olmasa da, mütaliəyə marağı vardı, dedikləri Səməndərə yaman təsir elədi. Amma bir söz demədi.
Axşam yatağa girəndə Səməndər nə qədər ordan-burdan söz salsa da, Lalənin ağzını bıçaq açmırdı.
– Yaxşı… Sabah gedəcəm…
Lalə gülümsündü:
– Get! İllərdir arzusunda olduğun yazıçılıqla məşğul olarsan. Axşamüstü evə gələndə üzün necə gülürdü, gözümün qabağındadı…
– Gülürdüm, həə… Amma heç bilmirdim ki, gedim, ya yox. Dövlət işində işləyəcəm… Başıma xeyir… Yaxşı deyir, sən saydığını say, gör fələk nə deyir…
– Həə, sən saydığını say, gör xanımın nə deyir…
***
Səhər açıldı. Səməndər iş təklifi aldığı yerə getdi.
– Salam, bəy. Xoş gəlmisiniz, – təlimatçı qalstukunu düzəldib onu saxta rəsmiyyətlə salamladı.
– Hə, salam-salam…
– Sizə iki sualımız olacaq. Cavab verə bilsəniz, işə qəbul olunacaqsınız.
Səməndər bir anlıq qorxdu. Tez də özünü ələ aldı.
– 1-ci sual: Eyni şey həm yaxşı, həm pis ola bilərmi?
Səməndər sevincdən az qala uçdu. Axı o, bu sualın cavabını bilirdi!
2-ci sualı da öz bacarığı ilə qənaətbəxş cavabladı və işə qəbul olundu. Artıq arzusunda olduğu kimi yazılar yaza biləcəkdi.
Laləyə bu xoş xəbəri çatdırmaq üçün elə qaçırdı ki, bəlkə də Miltiades marafondan Afinaya belə qaçmamışdı. Şad xəbəri verəndə Lalə ondan da çox sevindi. Yatana qədər eyni hadisəni uzada-uzada neçə dəfə danışdı
– A kişi, bəsdi bu qədər sevindin. Tay yat, sabah işə gedəcəksən…
Səməndər səhərə qədər yerində qurcalandı. Xəyalında gah yazıları qəzetlərdə dərc olundu, gah kitabları əldən-ələ gəzdi.
…Səhər neçə ildi səliqə ilə saxladığı bəylik kostyumunu geyindi. Lalə qalstukunu da tapıb gətirdi, ərini şirin dillə işə göndərdi. Səməndər binadan içəri fateh sərkərdə kimi girdi. Bəs necə? O artıq dövlət işçisi idi.
– Səməndər bəy, xoş gəlmisiniz!
– Xoş gördük, bəy.
– İlk iş gününüz uğurlu olsun!
– Minnətdaram!
– Hə, bəy, süpürgəniz oradadır. Zəhmət olmasa, birinci ayaqyolundan başlayarsınız…