34
Deyə bilərsənmi, ay Abbas qağa,
Palıd ağacına, qoz ağacına
Dimdiyi nə deyir ağacdələnin?
Təhlədə, Sarvanda, Kəpənəkçidə –
Ovcunu yağışa tutan uşağın
Nə deyir ovcuna yağan yağışlar?
Ehey… Qulaqları darı dələnim…
Nə deyir harayı durnanın göyə?
Nə deyir harayı zurnanın toya?
Nə deyir torpağa atların nalı?
Günü göy əskiyə bükülüb gedən,
Dolmuş bulud kimi sökülüb gedən –
Qardaş ölümünə, dost itkisinə
Nə deyir, nə deyir göz yaşlarımız?
Bir də qapımızı, pəncərəmizi
Küləyin əliylə kim döyür, Abbas?
Hörümçək toruna ilişib qalan
Kəpənək çırpınıb…nə deyir, Abbas?
Daha nə soruşum, nə xəbər alım?
Eh, ağır taxtalı, lopabığ kişi?
Nə dedik dünyaya gəlişimizlə?
Deyə bilərsənmi, nə deyəcəyik
Dünyaya – dünyadan gedişimizlə?