Çap

Xaricdə təhsil almaq istəyən gənclərin – NƏZƏRİNƏ

Tarix . Kateqoriya Yeniliklər

 

2015-2016-cı tədris ili üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na müsabiqə elan olunub. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu, dövlət proqramına uyğun olaraq, sonuncu müsabiqədir.

Sənədlərin qəbulu aprelin 15-dən iyulun 15-dək ərzində elektron ərizə (http://xaricdetehsil.edu.gov.az) vasitəsilə həyata keçiriləcək. Elektron ərizələrin doldurulması üçün son tarix 15.07.2015-ci il, saat 23:59-dur. Müsabiqədə iştirak üçün müraciətlər şəxsən Təhsil Nazirliyinə gəlməklə və ya sənədləri poçt vasitəsilə Nazirliyə göndərməklə deyil, məhz elanın tələblərinə uyğun olaraq elektron qaydada qəbul ediləcək. Ötən illərdə tələbələrin qəbul sənədlərini gec almaları və Dövlət Proqramına gec müraciət etmələri, nəticələrin gec açıqlanmasına və tələbələrin dərslərə vaxtında başlaya bilməməsinə səbəb olmuşdur. Dövlət Proqramına qəbul 1 aydan çox müddəti əhatə edə bilər. Odur ki, mümkün qədər tez müraciət edənlər nəticələrini daha tez bilmə, viza alınmasında kifayət qədər zamana sahib olma, təqaüdlərinin vaxtında köçürülməsi kimi üstünlüklərə sahib olacaqlar.

Sənəd qəbulunun 15.07.2015-ci il tarixində başa çatacağını nəzərə alaraq, TQDK-nın bakalavr səviyyəsi üzrə qəbul imtahanlarında (14-25 iyul 2015) iştirak edəcək namizədlər yalnız elektron ərizələrini son sənəd qəbulu tarixinə qədər təsdiqlətdikləri və sözügedən imtahanlarda tələb olunan balı (texniki sahələr üzrə 550-dən, digər sahələr üzrə 600-dən yuxarı) topladıqları, müvafiq bala dair arayışı 01.08.2015-ci il tarixinədək elektron ərizələrinə əlavə etdikləri halda, qısa zamanda müsahibəyə dəvət ediləcəklər.