
Daxili İşlər Nazirliyi (DİN) xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasında əyani təhsil üzrə 150 kursantın qəbulu üçün müsabiqə elan edib.
Gemi.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm (qızlar üçün 160 sm), çağırışçı kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan (qızlar istisna olmaqla), buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək (2019-cu ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq və çağırışçı olmayan) Azərbaycan vətəndaşları iştirak edə bilər.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2019-cu ilin yanvar, aprel və iyul tarixli çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də, “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən vətəndaşlar müsabiqəyə buraxılmırlar.