Çap

TQDK abituriyentlərə ikinci şans verdi

Tarix . Kateqoriya Xəbərlər

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) kolleclərə müəyyən səbəblərdən sənəd təqdim etməyən abituriyentlərə ikinci şans verib.

TQDK-dan Oxu.Az-a daxil olan məlumata görə, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssissələrinə (kolleclərə) qəbul olmaq istəyən, lakin may ayında müəyyən olunmuş vaxt ərzində sənəd təqdim etməyən 11-ci sinfi 2015-ci ildə bitirən abituriyentlər üçün iyulun 21-dən avqustun 19-dək ərizə təqdim etmək üçün imkan yaradılıb.

I, II, III və ya IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verən bu ilin 11-ci sinif məzunları həmçinin kolleclərə də ərizə təqdim etmək hüququna malikdirlər. Bu zaman onlar ikinci ödəmə kartı almadan I, II, III və ya IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə təqdim etmək üçün əldə etdikləri ödəmə kartı ilə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, orta məktəbi bu il (2015-ci ildə) bitirən abituriyentlər 11 illik bazada kolleclərin müsabiqəsində buraxılış imtahanının nəticələrinə əsasən iştirak edəcəklər. Müsabiqədə ümumi balı 16-dan, Ana dili və riyaziyyat fənlərinin hər birindən minimal balı 8-dən az olmayan (xarici dil və ya kimya fənni üzrə minimal bal tələbi qoyulmur) abituriyentlər iştirak edə bilərlər.