Çap

Azərbaycanlı kulturoloq beynəlxalq forumun təşkilat komitəsinin üzvü seçilib

Tarix . Kateqoriya Xəbərlər

1797408 10153576273102850 6087008471455296532 n

Bu ilin mayında Sankt-Peterburq Humanitar Universitetində keçiriləcək “Müasir qlobal çağırışlar və milli maraqlar” mövzusunda XVI Beynəlxalq Lixaçyov elmi mühazirələrinin təşkilat komitəsinin tərkibi təsdiqlənib.

Gemi.az  AZƏRTAC-a istinadən  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, kulturoloq Fuad Məmmədov komitənin tərkibinə seçilib.

Fuad Məmmədov forumda “Müasir qlobal çağırışlar, milli maraqlar və multikulturalizm” mövzusunda məruzə ilə çıxış edəcək. Məruzədə dünya sivilizasiyasında baş verən proseslərin təhlili ilə yanaşı, multikulturalizmin aktual məsələləri, o cümlədən Azərbaycan multikulturalizmi modelinin uğurları və üstün cəhətlərindən bəhs olunur.

Bir qayda olaraq, dünya alimləri, mədəniyyət və incəsənət xadimləri, siyasətçilər və ictimai xadimlərin ən böyük humanitar forumlarından biri sayılan tədbirin gündəliyinə müzakirə üçün “Mədəniyyət və dünya inkişafının qlobal çağırışları”, “Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu”, “Müasir sivilizasiyanın humanitar problemləri”, “Təhsil yeni mədəniyyət tipinin formalaşması şəraitində” və başqa aktual mövzular üzrə universal diskussiya problemləri daxil edilir.

Hər il forumun nəticələri əsasında iştirakçıların məruzə və çıxışlarının, bölmə müzakirələrinin və “dəyirmi masa”ların mətnləri toplu halında nəşr edilir. Bu materiallar Rusiya, MDB ölkələri, habelə dünyanın bir çox ölkələrinin bütün elm və təhsil mərkəzlərinin kitabxanalarında saxlanılır.