Çap

Qızlar oğlanlardan daha savadlıdır - HESABAT

Tarix . Kateqoriya Xəbərlər

Tələbə

Azərbaycanda bütün ixtisas qruplarında qız abituriyentlərin orta bal göstəriciləri oğlan abituriyentlərin orta bal göstəricilərindən yüksəkdir. Bu üstünlük I və IV qruplarda daha qabarıqdır. Belə ki, qeyd olunan qruplar üzrə cari ildə bütün fənnlər üzrə qızların orta balı 385.35, oğlanlarda 369.79-dur.

Gemi.az  Publika.az-a istinadən xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Məlumatda bildirilir ki, cari ilin məzunları arasında ali təhsil müəssisələrinə ümumilikdə qəbul olanların 49.12%-ni (13317 nəfər) oğlanlar, 50.88%-ni (13796 nəfər) qızlar, dövlət sifarişi əsasında qəbul olanların isə 44.41%-ni (4758 nəfər) oğlanlar, 55.59%-ni (5955 nəfər) qızlar təşkil edib.

Oğlan və qız abituriyentlərin qəbulolma göstəricilərinin ayrılıqda təhlili göstərir ki, burada ən yüksək göstərici oğlanlar üzrə Sumqayıt şəhərinin (13.26%), qızlar üzrə isə Mingəçevir şəhərinin (21.65%) abituriyentlərinə aiddir.

İmtahanlarda oğlanların ən yüksək nisbi sayı I ixtisas qrupunda (63.04%), qızların ən yüksək nisbi sayı isə III ixtisas qrupunda (75.02%) olub.

“Əvvəlki illərdə olduğu kimi, bu il də hər iki bölmənin orta statistik oğlan abituriyentinin istəyi ən çox “Riyaziyyat, fizika və mühəndislik” (I qrup) və “İqtisadiyyat və idarəetmə” (II qrup) ixtisaslarınadır.Azərbaycan bölməsində oğlanların 73.92%, rus bölməsində isə 81.01%-nin istəyi bu iki ixtisas qrupuna yönəlib. Bu rəqəmlər oğlan abituriyentlərin texniki, iqtisad və idarəetmə ixtisaslarına marağının nə dərəcədə yüksək olduğunu göstərir və qeyd etmək lazımdır ki, bu maraq ildən-ilə heç də zəifləmir.

Bununla belə, qeyd etmək lazımdır ki, oğlanların I ixtisas qrupuna istəyi II qrupa nəzərən əhəmiyyətli dərəcədə yüksəkdir. Sual oluna bilər: nə üçün abituriyentlər texniki (I qrup) ixtisaslara, iqtisad və idarəetmə (II qrup) ixtisaslarına nisbətən daha çox maraq göstərdikləri halda, hər iki qrup üzrə TQDK-nın müəyyənləşdirdiyi minimal tələbləri ödəyərək müsabiqədə iştirak edən abituriyentlərin sayı bir-birinə yaxındır və hər iki qrupda, demək olar ki, bir-birinə yaxın keçid balları formalaşır? Bunun səbəblərindən biri I qrupun abituriyentlərinin birtərəfli hazırlığa malik olmasıdır. Statistik təhlil göstərir ki, I ixtisas qrupunun abituriyentləri, əsasən, bir və ya iki fənn üzrə yaxşı hazırlıq keçir, digər fənlərə isə səthi yanaşırlar. Digər səbəb isə bu qrupun 5 imtahan fənnindən 3-nün çətin hesab olunan və abituriyentlərdən xüsusi təfəkkür, məntiqi düşüncə, fəza təsəvvürü bacarığı tələb edən dəqiq və təbiət fənləri ilə bağlı olmasıdır”.

TQDK-dan bildirilib ki, ortastatistik qız abituriyentin humanitar ixtisaslardan ibarət III ixtisas qrupuna istəyi daha yüksəkdir.

“Azərbaycan bölməsində qız abituriyentlər, həmişə olduğu kimi, “İqtisadiyyat və idarəetmə” ixtisaslarına (II qrup) az maraq göstəriblər. Ancaq rus bölməsinin qız abituriyentlərinin həmin ixtisaslara istəkləri nisbətən yüksəkdir. Bu, bir tərəfdən, iqtisadiyyat ixtisaslarına tələbatın, əsasən, şəhərlərdə olması və rus bölməsi abituriyentlərinin əksəriyyətinin böyük şəhərləri təmsil etməsi ilə əlaqədardırsa, digər tərəfdən,respublikanın regionlarını təmsil edən qızların riyaziyyat və xarici dil fənləri üzrə hazırlıqlarının zəif olması ilə bağlıdır. Belə ki, II qrupda riyaziyyat fənni yüksək çəki əmsalına malikdir, xarici dil fənni üzrə isə respublikanın böyük şəhərlərini təmsil edən abituriyentlərin hazırlıq səviyyəsi, digər regionlardan fərqli olaraq, yüksəkdir”.

Komisiyadan onu da bildirdilər ki, IV ixtisas qrupunda qızların ixtisas maraqları (istəkləri) oğlanların maraqlarından 1.57 dəfə yüksəkdir. IV qrup üzrə ixtisas seçimi mərhələsində iştirak edən qız abituriyentlərin sayı oğlanlardan 2.78 dəfə yüksək olub. Bu isə daha çox xüsusi qabiliyyət tələb edən idman ixtisaslarının IV qrupdan V qrupa keçirilməsinin nəticəsidir. Bu səbəbdəndir ki, ortastatistik oğlan abituriyentin xüsusi qabiliyyət ixtisaslarından ibarət V ixtisas qrupuna istəyi ortastatistik qız abituriyentə nisbətən daha yüksəkdir.

Bu da qızların Azərbaycan dili və fizikadan, oğlanların isə riyaziyyatdan üstünlüyə malik olduğunu göstərir.Azərbaycan dili üzrə qabiliyyət səviyyəsinin paylanmasını əks etdirən histoqramların (1.8 saylı qrafik) müqayisəsi göstərir ki, oğlanların sayının qızların sayından çox olmasına baxmayaraq, -0.35 loqitdən başlayaraq nisbətən yüksək qabiliyyət intervalında qızlar, -0.35 loqitdən solda yerləşən aşağı qabiliyyət intervalında isə oğlanlar sayca üstünlük təşkil edir. Histoqramlar üzrə hesablamalar göstərir ki, hər 100 qız abituriyentdən 52–53– nün qabiliyyəti -0.35 loqitdən yüksək olduğu halda, hər 100 oğlan abituriyentdən qabiliyyətləri həmin intervalda yerləşənlərin sayı cəmi 36–37 nəfərdir. Beləliklə, bu intervalda fərq 16% təşkil edir.