Yazıçı necə yetişir? Cavab bəllidir: yazaraq.
Bu cavabın adamlarda necə dərin bir qıcıq, ikrah və qaçış arzusu oyatması heyrətamizdir. İnanın mənə, hətta yazıçıların özləri arasında belə. Bu, insanın üz-üzə gəlməkdən yayındığı, yaxasını kənara çəkdiyi o Dəhşətli Həqiqətlərdən biridir.
Yazıçı olmağa can atanların yaxasını qurtarmaq üçün ən çox əl atdığı bəhanə budur: “Deyəcək bir sözüm olmazdan əvvəl gərək həyat təcrübəsi toplayım, görüb-götürüm.”
Belədir ki var; əgər jurnalist olmaq fikrindəsinizsə. Amma mən jurnalistikadan heç nə anlamıram, mən bədii ədəbiyyatdan, nəsrdən danışıram. Şübhəsiz, bədii əsər təcrübədən yoğrulur – beşikdən qəbirədək bütün ömrünüz, düşünüb elədikləriniz, görüb oxuduqlarınız, yuxuda və röyada gördükləriniz bu xəmirin mayasıdır. Ancaq təcrübə gedib hardansa alacağınız, qazanacağınız bir nəsnə deyil – o, ilahi bir bəxşişdir, lütfdür və onu qəbul eləməyin tək şərti qəlbinizin, ruhunuzun ona açıq olmasıdır. Qapalı, qıfıllı bir ruh ən ağlasığmaz macəralardan, vətəndaş müharibəsinin dəhşətlərindən, hətta Aya uçuşdan belə sağ-salamat çıxar, fəqət bu qədər “təcrübə”nin müqabilində ortalığa qoymağa heç nə tapmaz; açıq, nurlu bir ruh isə heç nədən, yoxluqdan belə möcüzələr yaradar. Sizi iki bacının – Emili və Şarlottanın taleyi barədə düşünməyə çağırıram. Onların bütün həyat təcrübəsi kiçik, kədərli bir ingilis kəndindəki kimsəsiz kilsə evindən, qızlar məktəbində keçən bir neçə bədbəxt ildən, yəqin ki, bütün Avropanın ən darıxdırıcı şəhəri olan Brüsseldə yaşadıqları bir-iki ildən və aşıb-daşan ev işlərindən ibarət idi. Fəqət bu çiy, həyati, amansız və cəsarətli Təcrübənin qaynar qazanından bəşər tarixinin ən böyük iki romanını çəkib çıxardılar: “Ceyn Eyr” və “Tufanlı yoxuşlar”.
Əlbəttə, onlar təcrübədən çıxış edir, bildikləri, bələd olduqları şeylərdən yazırdılar – axı gənc yazarlara həmişə məhz bunu məsləhət görürlər; bəs onların təcrübəsi nə idi? Nəyə bələd idilər? Zahiri “həyat” barədə bildikləri çox cüzi idi. Onlar öz ruhlarını, öz ağıl və qəlblərini tanıyırdılar; bu isə asanlıqla, ucuz başa gələn bir idrak deyildi. Hələ yeddi-səkkiz yaşlarından etibarən yazır, düşünür, öz vücudlarının mənzərəsini kəşf edir və onu necə təsvir etməyi öyrənirdilər. Onlar təxəyyüllə – kəndlinin alətiylə, insanın öz ruhunu şumladığı o kotanla yazırdılar. Onlar içəridən, bütün güc, cəsarət və zəkalarını səfərbər edərək enə bildikləri ən dərin qatlardan yazırdılar. Əsl kitablar məhz o dərinlikdən gəlir. Romancı kənarla yox, içəridən qidalanır.
Mən bu məsələdə bir az həssasam, çünki əsasən elmi fantastika, fentezi və ya xəyali ölkələr barədə – təbiəti etibarilə öz həyatımda yaşamağım, təcrübədən keçirməyim qeyri-mümkün olan zamanlar, məkanlar və hadisələr haqqında yazıram. Ona görə də gənc olanda Orion ulduzuna kosmik səyahətlər, əjdahalar və ya bu kimi şeylər barədə yazılarımı hara versəm, heç şaşmadan həmişə eyni sözü eşidirdim: “Yaxşı olar ki, bildiyin, bələd olduğun şeylərdən yazasan”. Mən isə cavab verirdim: “Mən elə belə də edirəm; mən Orionu, əjdahaları və xəyali ölkələri yaxşı tanıyıram. Əgər mən bilmirəmsə, sizcə, mənim uydurduğum ölkələri kim tanıyır?”
Ancaq dinləmirdilər, çünki qanmırdılar, hər şeyi tərsinə, ayaqüstə deyil, təpəüstə qavrayırdılar. Onlara elə gəlirdi ki, sənətkar fotolent kimidir; işığa tutursan, yuyursan və ortalığa Reallığın ikiölçülü surəti çıxır. Ancaq bu, kökündən yanlışdır və əgər hansısa sənətkar sizə “Mən bir kamerayam” və ya “Mən bir güzgüyəm” deyirsə, o dəqiqə ondan şübhələnin, demək, sizi aldadır, gözünüzə kül üfürür. Sənətkar faktlarla qətiyyən maraqlanmayan, yalnız və yalnız həqiqətin arxasınca düşən adamdır. Faktları bayırdan yığırsan. Həqiqəti isə ancaq içəridən tapıb çıxarırsan.
Yaxşı, bəs o həqiqətə necə çatmaq olar? Sən həqiqəti danışmaq, yazıçı olmaq istəyirsən. Bəs nə etməlisən?
Yazmalısan.
Doğrusu, adamlar bu sualı niyə verirlər axı? Kimsə bir musiqiçiyə yaxınlaşıb: “Bura bax, de görüm, necə tuba çalan ola bilərəm?” – soruşarmı? Yox! Hər şey gün kimi aydındır. Əgər tuba çalan olmaq istəyirsənsə, gedib bir tuba və bir neçə not dəftəri alırsan. Sonra qonşulardan xahiş edirsən ki, ya köçüb getsinlər, ya da qulaqlarına pambıq tıxlasınlar. Çox güman, özünə bir tuba müəllimi də tapırsan, çünki həm not yazısında, həm də tuba ifaçılığında xeyli obyektiv qaydalar, texnikalar var. Sonra oturub hər gün, hər həftə, hər ay, illər uzunu tuba çalırsan – ta ki bu işdə ustalaşanacan; ta ki – əgər arzun varsa – həqiqəti o tubanın pərdələrində səsləndirə bilənəcən.
Yazmaqla bağlı məsələ də eynilə belədir. Oturursan və yazırsan, yazırsan, yazırsan, ta ki bu işin sirlərinə yiyələnənəcən.
Əlbəttə, fərqlər də yox deyil. Yazı iniltiləri çıxmaq şərtiylə heç bir səs-küy salmır, onu istənilən yerdə və yalnız təklikdə, kimsəsizlikdə eləmək mümkündür.
Sənətkar faktlarla qətiyyən maraqlanmayan, yalnız və yalnız həqiqətin arxasınca düşən adamdır. Faktları bayırdan yığırsan. Həqiqəti isə ancaq içəridən tapıb çıxarırsan.
Gənc yazarların bu cür ehtirasla qayda-qanun axtarışına çıxmağının səbəbi, bəlkə də, həmin o tənhalığı bədənlərində hiss eləmələri, o kimsəsizliyin xofunu əvvəlcədən duymalarıdır. Şəxsən mən musiqiçilərə çox həsəd aparıram. Onlar birgə çala bilirlər, onların sənəti böyük ölçüdə kollektivdir, icmadır; həm də bu sənətin sözlə ifadə edilməsi və ya ən azından nümayiş etdirilərək öyrədilməsi mümkün olan, hamı tərəfindən qəbul edilmiş aksiom və texnikalar sistemi var. Yazmağı isə bölüşmək, kiminləsə paylaşmaq mümkün deyil, eyni zamanda, ən səthi qatları çıxmaqla onu bir texnika kimi öyrətmək də olmur. Yazıçının bütün əsl təhsil prosesi, öyrənmə mərhələsi təklikdə, kimsəsizlikdə – düşünərək, başqalarının kitablarını oxuyaraq və ya yazaraq, yəni məşq edərək baş verir. Həqiqətən yaxşı bir yazı kursu və ya emalatxanası bizə musiqiçilərin hər an yaşadıqları o hissin – hər bir üzvün özündən böyük işlər gördüyü komanda coşqusundan cüzi bir kölgə bəxş edə bilər; ancaq ordan ortaya çıxan nəticə simli kvartet və ya simfonik orkestrin ifası kimi birgə nailiyyət, ortaq əsər deyil, tamam fərqli, bir-birindən təcrid olunmuş ayrı-ayrı əsərlər, fərdi ruhların pıçıltıları, ifadələridir. Və buna görə də, hər bir fərdin özündən uydurduqları istisna olmaqla, burada heç bir qayda yoxdur.
Bilirəm. Qaydalar çoxdur. “Nəsr sənəti”, “Hekayənin sənətkarlığı” və bu kimi kitablarda onlara bol-bol rast gəlirsiniz. Bir qisminə mən də bələdəm. Onlardan biri belə deyir: Hekayəyə heç vaxt dialoqla başlamayın! Adamlar onu oxumayacaq; ortada kiminsə danışdığını, ancaq o adamın kimliyini bilmədikləri üçün veclərinə də almayacaqlar, buna görə də – heç vaxt hekayəyə dialoqla başlamayın.
Nə isə, mənim bildiyim bir hekayət var, bax, belə başlayır:
“Eh bien, mon prince! Deməli, Genuya və Lukka indi Bonapartlar ailəsinin xüsusi malikanələrindən başqa bir şey deyil!”
Bu əsər nəinki dialoqla açılır, hətta ilk dörd sözü də fransızcadır, özü də əsər fransız romanı filan deyil. Kitaba başlamaq üçün necə də dəhşətli bir yoldur! O kitabın adı “Hərb və sülh”dür.
Bələd olduğum başqa bir Qayda da var: bütün əsas obrazları kitabın əvvəlindəcə oxucuya tanıdın. Tamamilə məntiqli səslənir, böyük ehtimalla həqiqətən də məntiqlidir, amma bu, bir qayda deyil, əgər elədirsə də, kimsə bunu Çarlz Dikkensə deməyi unudub. O, Sem Velleri “Pikvik klubunun qeydləri”nə ta onuncu fəslə qədər soxmamışdı – kitab silsilə hissələr şəklində çap olunduğundan, bu isə düz beş ay demək idi.
İndi deyə bilərsiniz ki, yaxşı, Tolstoy da qaydaları poza bilər, Dikkens də, axı onlar dahidirlər; qaydalar dahilərin pozması, sıravi, istedadlı, ancaq hələ professionallaşmamış yazarların isə bələdçi kimi onlara əməl etməsi üçündür.
Mən bununla razılaşardım1, ancaq çox-çox könülsüz, özü də o qədər şərt kəsərək, o qədər əmma qoyaraq razılaşardım ki, əvvəl-axır bu, elə etirazın, qəbul etməməyin özünə çevrilərdi. Məsələyə belə yanaşaq: əgər qaydalara ehtiyac duyursunuzsa və qayda axtarırsınızsa, həmçinin ürəyinizə yatan, dadınıza çatan bir qayda tapırsınızsa, onda ona əməl edin. İşlədin. Ancaq əgər o sizin xasiyyətinizə yatmırsa, yaxud işinizə yaramırsa, onda vecinizə almayın; hətta mümkünsə və gücünüz çatırsa, ağzının üstündən vurun, qırıb atın, bükün, qatlayın, əzib məhv eləyin.
Görürsünüzmü, məsələ burasındadır ki, siz bir yazar kimi azadsınız. Siz indiyəcən yer üzünə gəlmiş ən azad adamsınız. Sizin azadlığınız öz kimsəsizliyinizin, tənhalığınızın bahasına alıb qazandığınız azadlıqdır. Siz elə bir məmləkətdəsiniz ki, ordakı qaydaları, qanunları özünüz uydurursunuz. Siz oranın həm diktatoru, həm də itaətkar xalqısınız. Ora indiyəcən heç kimin ayaq basmadığı, kəşf eləmədiyi bir diyardır. Oranın xəritələrini cızmaq, şəhərlərini salmaq da yalnız sizə düşür. Dünyada başqa heç kim bunu edə bilməz, heç vaxt da edə bilməyib və bundan sonra da qətiyyən edə bilməyəcək.
Tərcümə etdi: Əlqərəz
- razılaşmazdı ↩︎