Paylaşmaq gözəldir(mi?) – Həsən Dəyanəti

Tarixən təhsil müəssisələri şagirdlərinə elə ideyalar aşılayıblar ki, bu ideyalar o zamanın hakimiyyətinin xalqın zehninə yeritmək istədiyi fikir zərrəcikləridir. Bu fikirlər hər yetişən nəsildə fərqli olub. Bəzi güclər bu “təamlardan” bir növ öz reklamlarını etmək üçün, bəziləri də rəqiblərini tənqid edib camaatda onlara qarşı mənfi fikirlər, mənfi hiss toxumları atmaq üçün istifadə ediblər. Bəzi dövrlərdə bu pafoslu şüarlar “Bizim Lenin babamız”, bəziləri üçün öz mənafelərinə xidmət edən “Vətən müqəddəsdir” hayqırışı, bəziləri üçünsə daha az siyasi məzmunlu olur. Bizim dövrün gənc nəsli daha çox üçüncü qrupa daxildir. Bu qrupdakı şüarların “şəxsi maraq güdməmə” səbəbləri müxtəlifdir, bunlar: rəqib olmaması, xalqın çox ağır günlərdən keçməsi və bunun nəticəsində əhali üzərində yenidənqurma işlərinə başlanılması və ya sadəcə təmiz duyğularla onların təhsilə yiyələnmələrini istəmək ola bilər. Bizim zaman-zaman eşitdiyimiz versiyalardan biri də “Paylaşın”, “Paylaşmaq gözəldir” sözləridir. Bir zamanlar bu sözlər qulaqlarda ancaq pozitiv səslənirdi, əksini düşünmək mümkün deyildi. İndilərdə isə insanlardan “artıq hər şeyimizi paylaşırıq, nə hala gəlmişik” cümləsini tez-tez eşidirik. Bu fikrə mənfi yanaşanlar da var artıq. 2000-ci illərdə böyüyən bir gənc bu sözləri indi insanlardan eşitdikdə ona qəribə gəlir: “Axı burada nə var, bu bizə deyilən, bizdən istənilən deyilmi?”

Paylaşın, paylaşın… Problem də, məncə, bu hissədə başlayır. Necə oldu ki, yan-yana gələn bu iki söz cəmi iyirmi ildə zehinlərdə bu qədər fərqli mənalar yaratmağa başladı?.. Görünür, yanlış anlamışıq, bəli, sadəcə, yanlış anlamışıq. Biz bu sözlərin başqa tərəfindən tutub o məna ilə getmişik. O mənanı rəhbər tutub paylaşdıqca paylaşdıq. Son zamanlarda artıq bəzilərimiz bir anlıq dayanıb düşünür və sanki yuxudan oyanır: “Mən nə edirəm belə? Bir şeyi gərəkli olduğuna görə, dəyərli vaxt keçirmək üçün edirəm, yoxsa etdiyimi paylaşmaq üçün? Etdiyim işi sevirəm, yoxsa paylaşdığım görüntünü? Ətrafımdakılar mənimi tanıyırlar, sayıb-sevirlər, yoxsa onlarla paylaşdığım insanımı?” Bu suallara səmimi bir cavabımız varsa, nə yerdə olduğumuzu anlayarıq. Əks halda, günün və ya zəmanənin adamına çevrildiyimiz anlaşılar. Bu da öz-özlüyündə tamam başqa bir məsələdir və başqa bir yazının mövzusudur.

Biz (“biz” deyirəm, çünki bunu qəbul etmək çətin olsa da, hamımız bu yolun yolçusuna çevrilmişik) özümüzdə olmayanı bölüşürük. Bəli, bizdə, mənliyimizdə olmayanı. Bu cümlə iddialı, yüksək tonda səslənə bilər. Sanki kitabın ortasından danışan birinin ortaya atdığı cümlədir. Əslində isə elə deyil, sadəcə bu fikrin arxasında durmaq və onu açmaq, izah etmək lazımdır. “Bölüşmək” dedikdə ancaq sosial şəbəkələr nəzərdə tutulmur. Bir mühitdə sözlərimizlə və ya davranışlarımızla da bizdə olanı bölüşürük, bəzən isə bizdə olmayanı. Bu hissədə bir az normaldan və normallaşmaqdan danışmaq gərəkdir. Əgər bir işi ,həqiqətən, vərdiş halına gətiririksə, ardıcıl olaraq ediriksə, o bizim üçün normallaşır, hətta normativləşir. Normallaşdığı andan etibarən bu vərdiş bizim üçün bir müzakirə mövzusu olmaqdan çıxır. Yəqin ki, indiyə qədər heç kimin öz dırnaqları haqqında həvəslə danışdığına şahid olmamısınız. “Bilirsiniz, nə var? Mən artıq bir aydır ki, hər cümə günü dırnaq təmizliyi edirəm” kimi cümlələr tez-tez eşitdiyimiz cümlələr deyil. Yaxud “Bilirsən, mən dişlərimi fırçalamadan evdən çıxmaram, hər gün bunu, mütləq, etməliyəm”. Digər tərəfdənsə kitab oxumaq və ya idman etməyi misal çəkə bilərik: “Bu il filan qədər kitab oxudum”, “bir aydır, məşqə gedirəm və özümü çox yaxşı hiss edirəm”. Bu tipdə cümlələri isə, güman ki, çox eşitmiş olarsınız. Diş fırçalamaqla kitab oxumağın hansı fərqləri var? İkisini də etməmək insana ziyandır, biri fiziki sağlamlıq cəhətdən, digəri isə elə hər cəhətdən. Çünki diş fırçalamaq həmin insan üçün normallaşıb, digəri isə, böyük ehtimalla, heç mütaliə etmir, ən yaxşı halda bunu bir vərdiş halına gətirmə mərhələsindədir. Deməli, biz, həqiqətən, davamlı olaraq etdiyimiz şeylər haqqında fikir bildirməkdən, əlimizdəkiləri bölüşməkdən bir növ qaçırıq və ya buna ehtiyac duymuruq. Yaxşı, bəs dediklərimiz bizdə yoxdursa, niyə insanların bunu bilməsini istəyirik? Bu davranışların altında özümüzü başqalarına bəyəndirmək istəyi yatır. Bu həm də insanın bir növ özünü yoxlama mexanizmi kimi istifadə edilə bilər, etdiyimiz işlərdə, nailiyyətlərimizdə əsas məqsədimizin nə olduğu bu şəkildə anlaşıla bilər.

Paylaşmaq qədər digər vacib bir məsələ də nəyi paylaşdığımızdır. Bu yazıda mücərrəd anlayışlardan bəhs etdiyimiz üçün malı, maddiyatı paylaşmaqdan danışmayacağıq, ancaq bu vərdiş də, şübhəsiz, gözəldir. Bir az da faydanı paylaşaq. Yalnız faydanı paylaşsaq, görərik ki, artıq sadəcə şəxsimiz üçün yox, insanların səadəti üçün də çalışırıq. Belə olsaq, atdığımız hər addımda ayağımızın altına, önümüzə baxarıq, daha diqqətli olarıq. Çünki artıq bir səbəbimiz var, məsuliyyətimiz var. Hər işimizin faydasını paylaşdığımız zaman ağzımızdan çıxan hər söz önəm qazanar, bərəkətli olar. Çünki niyyət təmiz olanda bu, mütləq, əməllərə də təsir edəcək.

Related posts

Zamandan gileylənənlər – Davud Kərimli

Dəyər ölçüsü – Həmzə Həsənli