Görən kimi, rəyçim məni,
Telefonda söhbətini saxladı,
Qalxıb əziz adam kimi
boynumu qucaqladı,
Tərif tökdü qabağıma
qırçın-qırçın,
qalaq-qalaq.
Qorxdum uça, altda qalam.
Hər sözündən istedadım qıjıldadı:
“Kəlmələrim gümüş dadır, qızıl dadır…”
Dedim: – Əşi, bir az toxta, bir nəfəs dər.
Dedi:
Elə nəfəsdir də,
havadır da bu nəğmələr;
Nizaminin şöhrətini haqlamağa,
Füzulini hərəkətdən saxlamağa
Bir addımın qalır təkcə.
Bu addımın –
bir qəşəngcə
yonulmaqdır,
əyilməkdir,
çapüçün, –
kitab üçün
nəzilməkdir, əyilməkdir…
Bir də: “təbrik!” Bir də “əla”, –
Deyə-deyə varaqları
O çevirdi bala-bala.
Gördüm: yazıq kəlmələrim
elə bil ki, döyülüblər.
Vağənimiş zəmi kimi
saralıblar, əyiliblər,
Yazımdakı yaşıl nə var –
Onun oraq sualları bir-bir biçib qoyub yana.
Qana düşmən sətirlərim batıb qana.
Əhsən tərif – qılıncına,
Əhsən tərif – külüngünə,
Dayazlığı, dərinliyi yerindədir,
Sağ ol, – dedim, – rəyçi qardaş,
Durub indi məzarıma
Enə billəm yavaş-yavaş…”