Çap

Ali təhsil müəssisələrinə dövlət sifarişli yerlər artırılacaq

Tarix . Kateqoriya Xəbərlər

graduates

2019-2020-ci ilin tədris ilində ali təhsil müəssisələrinə dövlət sifarişli yerlər artırılacaq.

Gemi.az Oxu.Az-a istinadən  məlumat verir ki, bunu təhsil naziri Ceyhun Bayramov  Azərbaycan Tələbələrinin II Qurultayında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Tələbələrin l Qurultayından ötən dövr ərzində ölkədə gənclər siyasəti və təhsilin inkişafı ilə bağlı çoxsaylı proqram və layihələr həyata keçirilib:

“Yeni strategiya və konsepsiyalar həyata keçirilib. Danılmaz həqiqətdir ki, qlobal, regional və yerli əmək bazarının müasir tələblərə cavab verən  mütəxəssis hazırlığının təmin edilməsində ali təhsilin xüsusi rolu var. Ötən dövrdə ali təhsil sisteminin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi sahəsinə təqdirəlayiq nəticələr əldə edilib”.

Nazir bildirib ki, 2019-2020-ci ilin tədris ilində ali təhsil müəssisələrinə dövlət sifarişli yerlərinin əhəmiyyətli şəkildə artırılması nəzərdə tutulur:

“Bu il qəbul imtahanlarında rekord sayda – 41 minə yaxın gənc tələbə adını qazanıb, 3127 nəfər 600 baldan yüksək nəticə göstərib, 29 abituriyent 700 bal toplayıb. 2090 nəfər 500-dən yuxarı bal toplayan gənc müəllimlik ixtisasını seçib ki, bu da gənclər arasında müəllim peşəsinə marağın artmasını sübut edir.

Təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə 2019-2020-ci tədris ilində ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin əhəmiyyətli şəkildə artırılması nəzərdə tutulub”.

Nazir “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsindən ötən beş il ərzində ali təhsil sisteminin təkmilləşdirildiyini, universitetlərin kadr potensialı və maddi-texniki bazasının gücləndirildiyini, ali təhsilin əlçatanlığı istiqamətində mühüm addımlar atıldığını qeyd edib.

Ceyhun  Bayramov vurğulayıb ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 gəncin dünyanın ən nüfuzlu universitetlərində təhsil alır:

“Hazırda Azərbaycanın ali məktəblərində 76 ölkədən altı mindən çox əcnəbi tələbə təhsil alır. Bütün təhsil pillələri üzrə səriştəəsaslı məzmun hazırlanması tətbiqinin, ali təhsilin beynəlxalq rəqabət qabiliyyətinin artırılması, gənclərin elmi fəaliyyətə cəlb edilməsi, ümumilikdə kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması təhsil müəssisələrində azərbaycançılıq ideologiyasının təbliği işinin sistemli təşkili sahələrində iş aparılacaq”.

Təhsil naziri ölkə prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2019-2023-ci illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ali təhsilin keyfiyyətinin yüksəldilməsində, ikili diplom proqramlarının genişləndirilməsində və xaricdə doktorant hazırlığında mühüm rol oynayacağına ifadə edib.