Çap

“Xaricdə təhsil alan gənclərdən gözləntilər daha çoxdur”

Tarix . Kateqoriya Müsahibələr

   

Sərdar Yusifoğlu: “Bakı-2015”-in təbliğində gənclərin öz aktivlikləri ilə fərqlənməsini müşahidə edirik”

Ölkəmizdə fəaliyyət göstərən bir çox QHT-lər gənclərin elm və təhsilinin inkişafı istiqamətində saysız layihələr keçirirlər. Belə təşkilatlar eyni zamanda gənclərin xaricdə təhsil almasına da lazımi istiqamət verirlər.

Bu baxımdan Gəncliyin Elmi-Mədəni İnkişafı İctimai Birliyinin (GEMİ) də adını çəkmək olar. Qeyd edək ki, GEMİ 2007-ci ildə bir qrup gəncin təşəbbüsü əsasında yaradılıb. GEMİ fəaliyyət göstərdiyi andan gənclərin elmi-mədəni inkişafı, intellektual səviyyənin inkişafı üçün bir çox proqramlar, tədbirlər keçirib. Bununla yanaşı, GEMİ-nin “Gənclər üçün Elm və Mədəniyyət Mərkəzi” proqramı fəaliyyət göstərir. Mərkəz daimi olaraq gənclər üçün elmi-mədəni tədbirlər təşkil edir, həmçinin bu sahədə fəaliyyət göstərən insanlarla gənclərin görüşünü təşkil edir. Birliyin eyni zamanda Şəki şəhərində regional nümayəndəliyi fəaliyyət göstərir. Təşkilatın sədri Sərdar Yusifoğlu qəzetimizə müsahibəsində elm və təhsilin inkişafı ilə bağlı həm ölkəmizdə, həm də xaricdə həyata keçirdikləri layihələrdən danışdı.

-GEMİ olaraq elm və təhsilin inkişafı istiqamətində hansı layihələr həyata keçiribsiz?
- Biz Gənclər və İdman Nazirliyi, Prezident yanında Gənclər Fondu və s. təşkilatların dəstəyi ilə bu istiqamətdə çoxlu layihələr keçirmişik. Məsələn, Prezident yanında Gənclər Fondunun dəstəyi ilə “Liderlik və mən məktəbi” layihəsini icra etmişik. Bu layihə Şəki və ətraf rayonları əhatə etmişdi. Burada xüsusi təlimlər keçirilib. Təlimlərə müxtəlif sahələrdən olan mütəxəssislər dəvət olunmuşdu. Gənclər bu layihədə liderlik xüsusiyyəti və bacarıqlarını öyrəndilər.
Prezident yanında Gənclər Fondunun dəstəyi ilə “Region gəncləri üçün müasir bilik akademiyası” layihəsini də qeyd etmək istərdim. Bu layihə çərçivəsində regionlardan gəlib Bakıda təhsil alan tələbələrə peşəkar mütəxəssislər tərəfindən ingilis və rus dilləri öyrədilib.
Fondun dəstək verdiyi digər layihəmiz "Bakı-Abşeron gəncləri üçün müasir marketinq məktəbi" adlanır. Bu layihədə 50-ə yaxın gənc iştirak edib. Layihənin keçirilməsində əsas məqsəd Bakı-Abşeron bölgəsindən olan gənclərə təcrübəli müəllimlər tərəfindən marketinq üzrə kursların keçirilməsi, bununla da onların peşəkar bacarıqlarının artırılmasına və işlə təmin olunmasına dəstəyin göstərilməsi idi.
Daha bir layihəmiz GEMİ-nin üzvü olan Əli İskəndərov tərəfindən icra olunub. “Azərbaycanda gənclərin turizm bacarıqlarının artırılması” adlı layihə Prezident yanında Gənclər Fondu tərəfindən dəstəklənib. Bu layihənin icrasından turizm sahəsində çalışan gənclər böyük təcrübə əldə ediblər.
Bundan başqa, GEMİ Almaniya, Belçika, Polşa, Böyük Britaniya, Fransa və ABŞ-ın bir neçə universitet və tədris mərkəzləri ilə müqavilələr bağlayıb. Yarandığı gündən etibarən müxtəlif maraqlı təlim, seminar və danışıq klubları təşkil edən GEMİ gənclərin diqqət mərkəzinə çevrilib. Burada xarici dil kursları, xaricdə təhsil proqramları, mühasibat uçotu, beynəlxalq test sistemlərinə hazırlıq və s. xidmətlər göstərilir.
Bütün bunlarla yanaşı bizim kitabxanamızdan gənclər gəlib istifadə edirlər. Həmçinin gənclərə elmi məsələlərlə bağlı lazımi alimlərlə əlaqələrin yaradılmasında köməklik göstəririk.
- Bildiyimiz kimi, bu yaxınlarda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik oldu. Bu dəyişikliyin xaricdə təhsil alanlar üçün müsbət tərəfi nədir?
-Son zamanlar xaricdə təhsil alanlara hərbi xidmətə görə möhlət verilməməsi ilə bağlı qanunda edilən dəyişiklik bir sıra KİV-lərdə müxtəlif cür təqdim olunur və bu məlumatlar bəzi insanların çaşqınlığına səbəb olur. Əslində, bir məqam diqqətdən qaçır ki, gənclərimizin xaricdə təhsil alması dövlətin də marağındadır, xaricdə təhsillə bağlı dövlət proqramı var. Lakin bu qanun heç də xaricdə təhsilə mane olmur, əksinə bəzi arzuolunmaz nəticələrin qarşısını ala bilər. Məsələn, elə xarici universitetlər var ki, dövlət qeydiyyatı yoxdur və ya xaricdən tələbə qəbul etmək üçün lisenziyası yoxdur. Bəzi mərkəzlər, işbazlar gəncləri aldadıb həmin universitetlərə düzəldirlər, axırda da məlum olur ki, onların pulları və illəri boşa gedib. Həmin universitetin öz ölkəsinin müvafiq qurumlarından lisenziyası olmalıdır və sabah orda oxuyan bir gəncimiz öz ölkəsinə qayıdanda da onun diplomu Təhsil Nazirliyi tərəfindən tanınmalıdır. Belə ali məktəblər daha çox Rusiya və Gürcüstandadır, onların diplomları Azərbaycanda etibarsızdır, çünki lisenziyaları yoxdur.
- Sizin təşkilat bu istiqamətdə gənclərə hansı köməklik göstərir?
-Bizə davamlı olaraq müraciətlər daxil olur, gənclərə məsləhət və tövsiyələr veririk. Bu istiqamətdə pulsuz xidmət göstəririk. Gənclərimiz xaricdə təhsil almaq üçün universitet seçimində maksimum diqqətli olmalıdırlar. Maraqlananlar sosial şəbəkədəki rəsmi səhifəmiz və ya “www.gemi.az” saytı vasitəsi ilə müraciət edə bilərlər.
Biz davamlı olaraq xarici ölkələrə səfər edir və orda təhsil alan gənclərimizlə əlaqə saxlayırıq. Ukrayna, Almaniya, Baltikyanı ölkələr, Türkiyə və İtaliyada təhsil alan bir çox gənclə sıx əlaqəmiz var. Görürük ki, onlar ölkəmizdə olan bir çox gənclər təşkilatından da fəal çalışırlar və müxtəlif təşəbbüslər irəli sürürlər. Xaricdə təhsilin qarşısını almaq olmaz, əksinə, xarici ölkələrin elmi təcrübəsini ölkəmizə gətirməli, müxtəlif xarici dillər bilən kadrlar yetişdirməliyik. Bu, ölkə rəhbərliyinin də yürütdüyü siyasətə uyğundur.
- Gənclərin xaricdə təhsilinin ölkəmizə faydası nədən ibarətdir?
- Gənclərin xaricə getməsi, eləcə də ölkəmizə xarici tələbələrin gəlməsi lazımdır. Bu baxımdan insanların bir-birini internet üzərindən deyil, birbaşa tanıması lazımdır. Bir çox sahələr var ki, xaricdə daha yüksək səviyyədə tədris olunur. Gənclərimizin bu sahələr üzrə öyrəndiklərini gəlib ölkəmizdə tətbiq etməsi, Azərbaycanın elmi, texniki, iqtisadi və s. sahələrdə inkişafına böyük təkan vermiş olacaq.
Gənclərin xaricdə təhsil almalarının bir faydası da ölkəmizin xaricdə təbliği və tanınmasıdır. Cənab Prezidentin dediyi kimi, xaricdə təhsil alan nümunəvi tələbələrimiz bizim orada səlahiyyətli səfirimizdir.
Son zamanlar gənclərin xaricdə təhsil almasında artım müşahidə olunur. Azərbaycan gəncləri arasında xaricdə təhsil almağa qarşı maraq azalmayıb, əksinə, ötən ilə nisbətən bu il artım müşahidə olunur. Həmin gənclər xaricdə təhsil almaq və öz ölkələrinə yüksək səviyyəli kadrlar kimi qayıtmaq arzusundadırlar. Ola bilər ki, kimsə xaricə gedib qayıtmaq istəməsin, lakin bu, çox az hallarda olur. Bəzi gənclərimiz xaricə gedib həmin ölkələrin qanunvericiliyi ilə tanış olandan sonra, orda yaşamaq və karyera qurmağın heç də asan olmayacağını gördükdə Azərbaycana qayıtmağı seçirlər. Bir neçə tanışım var ki, Avropada təhsil alandan sonra orda yaşamaq və işləmək icazəsi almaqda ciddi çətinlik çəkir.
Onu da deyim ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın vaxtı bu il bitir. Hazırda Təhsil Nazirliyi tərəfindən 2015-2020-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə yeni Dövlət Proqramı hazırlanır. Ümid edirik ki, növbəti proqramın icrası gənclərin xaricdə təhsil alması üçün daha böyük şanslar verəcək.
- Elm və təhsilin inkişafına xaricdə təhsil alan gənclərin nə kimi töhfəsi olacaq?
- Dövlətin xaricdə təhsil alan gənclərdən umacağı daha çoxdur. Müxtəlif sahələrdə, xüsusən də təhsil sahəsində nailiyyətlər əldə etmək üçün o gənclərdən gözləntilər daha çoxdur. Onlar öyrəndikləri xarici təcrübəni burda tətbiq etmək üçün çalışmalıdırlar. Əsasən də gəncləri elmə, təhsilə həvəsləndirməlidirlər. Məsələn, bəzi gənclər “oxuyub mən nə olacam?” deyirlər. Xaricdə təhsil alan gənclərin əsas məsuliyyəti odur ki, azərbaycanlı gəncin beynindən bu sindiromu yox etsinlər. Onlar buradakı gənclərə örnək olmalıdırlar. Xaricdə oxuyan tələbələr gələcəyin nazirləri, millət vəkilləri, səfirləridir. Bu da gələcəkdə ölkəmiz üçün faydalı nəticələrin göstəricisidir.
- İlk Avropa Oyunlarının təbliğində gənclərin ictimai fəaliyyətini necə qiymətləndirirsiz?
- “Bakı-2015”-in təbliğində gənclərin öz aktivlikləri ilə fərqlənməsini müşahidə edirik. Eyni zamanda mətbuatda və sosial şəbəkələrdə gənclərimizin bu baxımdan aktivliyini görürük. Hazırda “Bakı-2015” günlərini yaşayırıq. Gənclər sosial şəbəkələrdə bu Oyunlarla bağlı mütəmadi olaraq xəbər və şəkillər paylaşırlar. Nəzərə çatdırım ki, gənclər bu fəaliyyəti peşəkarcasına həyata keçirirlər. Xüsusən könüllülərin fəaliyyəti təqdirəlayiqdir. Bu Oyunlara 12 mindən çox könüllü qoşulub və bunların da demək olar ki, hamısı gənclərdən ibarətdir. Bu da ilk Avropa Oyunlarında gənclərin ictimai aktivliyinin bariz nümunəsidir. Sevindirici haldır ki, İlk Avropa Oyunlarında bizim təşkilatın da könüllüləri çalışırlar. Hətta onlardan bəziləri maaşlı işlə təmin olunublar.
Fuad Hüseynzadə

Bizimlə əlaqə

  • Bizə gəlin.
    Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, İlyas Əfəndiyev küçəsi
    (İtaliya və Serbiya səfirliklərinin arxası)

    +994124929144
    +994504825151
    +994555556116
  • Bizə yazın.
    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Bizi izləyin.

Bizi izlə