Əsas Səhifə Köşə Yazısı Yaponka – Həsən Əbdülzadə

Yaponka – Həsən Əbdülzadə

“Necə oldu?”

Əvvəla, sizə bu sualı doğuracaq statistikanı təqdim edəcəyəm, daha sonra isə birlikdə cavab tapmağa çalışacağıq. Əgər kameralara yaxşı-pis marağınız varsa, yəqin ki, “Sony”, “Canon”, “Nikon”, “Panasonic” və axır vaxtlar dəbə minən “Fujifilm” şirkətləri haqqında məlumatlısınız. Düzdür, bu şirkətlərin bir çox ortaq cəhətləri var, ancaq hal-hazırda bizə maraqlı olan və yazının özəyini təşkil edən cəhət Yaponiyadır. Adı çəkilən şirkətlərin hamısı Yaponiya mənşəlidir. Daha da maraqlısı odur ki, kamera sənayesinin azmanları arasında yaponlardan özgəsi yoxdur. 2023-cü ildə ümumilikdə 7.18 milyon kamera satılıb və bunların 7.08-i yapon aparatlarıdır. Bunu faizlə ifadə etdikdə 99% kimi ağlasığmaz bir göstərici ilə qarşılaşırıq.

Dövrümüzdə smartfonlar sürətlə inkişaf edir, bir neçə cihazın funksiyasını özlərində cəmləyirlər. Kameraları da bu qəbildən saymaq olar. İndi telefonlar öz işini elə keyfiyyətli görür ki, şəkil çəkmək üçün əlavə cihaza ehtiyac qalmır. Bu sizə kameraların öz sanbalını itirdiyini düşündürə bilər. Amma gəlin sizə balaca bir nümunə verim: Dünyanın ən dəyərli şirkəti – “Apple”. Onu hamı tanıyır, bəlkə, siz bu yazını belə hal-hazırda həmin şirkətin cihazından oxuyursunuz. “Apple” amerikan şirkəti olsa da, “İphone”ların kamera lenslərini məhz yapon “Sony” şirkətinə hazırladır. Beləliklə, deyə bilərik ki, çəkdiyimiz hər şəkil yapon texnologiyasının məhsuludur. İndi isə başda verdiyimiz suala qayıdaq:

“Necə oldu?”

Yaddan çıxarmamaq lazımdır ki, yaponlar nə kameranın ixtiraçısı, nə də bu sənayenin köklü reformistlərindəndirlər. Hətta yenilik bir qırağa, uzun müddət dünya şirkətlərinin dizayn və ideyalarını mənimsəyiblər.

Keçən əsrin ortalarınacan yaponlar dünya bazarında tanınmırdılar. Bunun bir çox səbəbləri var idi. Birincisi, o tarixdə onların rəqibləri amerikan “Kodak”, alman “Leica” və “Zeiss İkon” şirkətləri öz sənayesinin azmanlarıydı. Bunların arasında “Kodak” xüsusən seçilirdi, çünki bu sahədə bir çox yeniliklərə məhz onlar imza atmış, ilk ekspozisiya funksiyasına malik kameranı, ilk elektron kameranı onlar icad etmişdilər. “Kodak” gəlirinin əsas hissəsini kameralardan yox, məhz kameranın lentlərindən qazanırdı. Kameraları ucuz qiymətə, hətta zərərinə satıb onların lent satışından pul qazanırdılar.

Alman firmalarına gəlincə, onlar bu işdə tamamilə püxtələşmişdilər. Dünyanın ən yaxşı cihazları və ən keyfiyyətli obyektivləri onların əlindən çıxırdı. O vaxtlar yaponlar ancaq alman kameralarını imitasiya edib daha ucuz qiymətə satmaqla məşğul idi. Hətta hal-hazırda bu bazarın mühüm iştirakçılarından olan “Nikon” öz adını almanlardan götürüb, belə ki, yapon dilində “Yapon” mənası verən “Nihon” sözüylə “Zeiss İkon” şirkətinin adının birləşməsindən yaranıb.

İkincisi, ölkə bazarından xaricə çıxa bilmirdilər, çünki Amerikaya ixrac edilən mallardan qanuna əsasən vergi tutulur, qiymətlər “Kodak” cihazlarına çatır, hətta onları üstələyirdi. Belə olduqda yapon cihazlarının tək müsbət cəhəti olan ucuz qiymətləri bir məna kəsb etmirdi.

Təxmin edə biləcəyiniz kimi böyük inqilab İkinci Dünya müharibəsindən sonra oldu. Bu dövrdə yapon höküməti labüd qərar qəbul etdi: “Qərb dizaynlarını, onların obyektivlərini təqlid etmək qadağan olundu”. “Canon”, “Nikon” kimi şirkətlər müharibə zamanı ordu üçün obyektivlər istehsal edib bu sahədə inkişaf etdilər. Təqlid qadağan olunduğundan öz dizaynlarını yaratmağa məcbur oldular. Amerika-Yaponiya ticarət müqaviləsi bağlandı və “Nikon”, “Pentax” və “Fujifilm” kimi şirkətlər Amerika bazarına sürətli giriş etdilər. Həm keyfiyyətli, həm ucuz malları ilə “Kodak” firmasına rəqib oldular. Uzun müddət dünyanın ən dəyərli şirkətlərindən olan “Kodak” 2012-ci ildə öz iflasını elan etdi. Bir digər böyük rəqib “Zeiss İkon”un sonu çox uğursuz oldu. Müharibədən sonra Berlin divarının şərqində qalan şirkətin fabrikləri SSRİ tərəfindən müsadirə edildi. Yaponlar bu fürsəti dəyərləndirib rəqəmsal və güzgüsüz kameralara böyük investisiya yatırtdılar. İstehsal etdikləri hər məhsulda bir az da irəli getdilər və bu böyük bazarı öz monopoliyalarına çevirdilər.

 

 

Bunları də bəyənə bilərsiniz

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00