“Gemi.az” olaraq klassik poeziyamızın zirvəsi Füzulinin misralarını görkəmli türk tarixçisi, professor Əli Nihad Tarlanın şərhi ilə təqdim edirik. Xoş mütaliələr!
Buldu kuyindən dəva dərdi-dili-bimarımız,
Sən ağasan, biz quluz, kuyindədir timarımız.
(Xəstə könlümüzün dərdi sənin diyarından dəva tapdı. Sən ağasan, biz isə quluq, sənin diyarında müalicə olarıq.)
Burada “kuy” sözü “aləm” deməkdir. Şair demək istəyir ki, biz eşq xəstəsiyik və ancaq sənin aləmində yaşaya bilərik, bizim yerimiz sənin yanındır.
O, sevgilinin ərazisində yaşayan qulları göz önünə gətirir. Çünki qulların başqa yerə getmək imkanı yoxdur.
Zahida, gör sinə çakın şö’ləsin, bizdən saqın,
Bir ocağız biz ki, suzandır dərü divarımız.
(Ey zahid, yaralı sinəmizdən fışqıran alovu görüb bizdən ehiyat et. Çünki biz qapısı da, divarı da yanan bir ocağıq.)
Yanan könlümüzün alovunun sinəmizdəki yaradan necə fışqırıb çıxdığını gör, bizə yaxın durma, bizi məzəmmət eyləmə. Biz qapısı, yəni sinəsindəki yara və divarı, yəni könlünün içi – xanimanı od tutub yanan bir ailəyik. Ocaq sözü həm ailə, həm də xüsusi mənəvi qabiliyyətlərə sahib nəsil deməkdir. Məsələn bəzi xəstəliklərin müalicəsi üçün onlara müraciət olunur, “onlar ocaqdır” deyilir.
Burada ocaq aşiqlər ailəsi deməkdir.
Nola gər olduysa fani Kuhkən[1], mən baqiyəm,
Eşqə bizdəndir bəqa, yoxdur yox olmaq varımız.
(Nə olsun ki, Fərhad ölüb gedib, qəm yemə. Çünki o fanidir, mən isə baqiyəm. Eşq bizimlə baqidir. Bizim varımızın yox olması yoxdur. Yəni necə ki, indiyəcən yox idi, bundan sonra da olmaz.)
Məşhur aşiq Fərhad ilə özünün arasındakı fərqin necə də böyük olduğunu söyləyir. Bəqa ilə fəna arasındakı fərq var ki, bundan böyük fərq ola bilməz. O fanidirsə, mən baqiyəm və eşq ancaq bizimlə baqidir. O bizim tək varımızdır. Bu varın – eşqin yox olmasına isə imkan yoxdur.
Gülşəni-qəm nəxliyüz, pərvərdə abi-didədən,
Dağlər bərg, ahi-atəşbarımızdır barımız.
(Biz qəmin gül baxçasının göz yaşı ilə yetişən fidanıyıq. Sinəmizdəki yaralar yarpağımız, od yağdıran ahımız barımızdır.)
Bir fidan ki, qəmin gül baxçasında yetişir, göz yaşıyla sulanır və böyüyür. Qəmin mərkəzi könüldür və sinəmiz içrədir. Zahiri əlaməti sinəmizdəki yaralar – yarpaqlardır, könüldən fışqıran, od yağdıran ahlar isə meyvələrdir. Od qırmızıdır və ah qırmızılıq yağdırır.
Od sözünün ərəbcəsi “nar”dır. Deməli, bu ağac nar ağacıdır.
Əhli-tərkin quluyuz, oldur bizə candan əziz,
Yusif isə xudfüruş, onunla yox bazarımız.
(Dünyanı, masivanı tərk etmiş insanların quluyuq. Onlar bizə candan əzizdir. Yusif isə, baxmayaraq ki, peyğəmbərdir, amma özünü satan, nəticədə özünü çəkən biridir. Onda bir varlıq var. Bizim belə insanlarla bazarımız yoxdur.)
Əhli-tərk dünyanı tərk edən deməkdir və tərk əhli bizə candan əzizdir. Yəni biz tərki-dünya məfhumunu özümüzə candan əziz bilir, canımızı uğrunda fəda bilirik. Can isə insanın yeganə və sonuncu varlığıdır.
Bu beyt Yusif qissəsinin bir çox ünsürünü özündə ehtiva edir:
Yusifi satın alan “Əzizi-Misir”dir. Yusif “qul” olaraq satılmışdır. Yusif özünü satmış, “bazar”da satılmışdır.
Yusif gözəllikdə bir timsal olduğu halda gözəlliyi fani, yəni masivadandır. Bizim o gözəlliyə rəğbətimiz yoxdur, onu istəmərik, onunla alqı-satqımız olmaz.
Əşkimiz girdabı ali, ömrümüz bünyadı pəst,
Gör nə alçaq dirlikilə cizginir pərgarımız.
(Göz yaşımızın doldurduğu quyu yüksək, ömrümüzün bünyadı isə alçaqdır. Gör bizim pərgarımız, yəni həyatımızın dairəsi necə alçaq bir həyatla dönüm-dönüm dövrələnir.)
Göz yaşı yumru su, yəni girdabdır. Bu yumru su – girdab o qədər yığılıb-yüksəlir ki, axırda quyuya – girdaba dönür…
Ömür binasının bünyadı isə alçaqdır. Ömür evə bənzədilir, həyatın dövrəsi isə pərgara. Pərgarın bir qolu yüksəkdə, o bir qolu lap alçaqdadır. Belə olduqda, pərgar çox alçaqdan dövrə götürür. Alçaq burada həqir mənasındadır – çox ağladığı üçün iztirablı, həqir bir həyat…
Ey Füzuli, cövri-yarü tə’neyi-əğyardən
Var yüz min qəm, bu həm bir qəm ki, yox qəmxarımız.
(Ey Füzuli, sevgilinin cəfası, əğyarın qınaması mənə yüz min qəm yükləyir və elə qəm yükləyir ki, bu qəmdə bircə dənə belə şərikimiz yoxdur.)
Yüz min var, bir yox – təzad.
“Həm” sözü eyni zamanda qəm-qüssə mənasını da verir.
[1] Farsca “dağı çapan” deməkdir. Fərhad nəzərdə tutulur.
Tərcümə edən: Əmmar Əkbər