Bakı şəhərində. Avtobusun arxasında yığışan gənclər.
K A M İ L. Bu gün getdiyimiz yer yaman yaxşı idi ha. Həmişə belə yer tapmaq olmur. Bu yeri yaddan çıxarmayaq.
B A B Ə K. Nəyi yaxşı idi? Görmədin yeməkləri nə gündəydi?
E L D A R. Məncə də yaxşı deyildi.
A S İ M. O da yer idi ki? Nəyini bəyəndiniz, siz Allah?
K A M İ L. Düzü, oranın yeməkləri mənim də dəhşət xoşuma gəlməmişdi.
B A B Ə K. İsfəndiyarı görmüsünüz? Özünü bomba oğlan bilir, burnu da daim göydədir. Heç ondan xoşum gəlmir.
K A M İ L. Hə, düz deyirsən, mənim də ondan xoşum gəlmir.
A S İ M. Bir dənə də düz sözü yoxdur, ancaq fırıldaqçılıqla məşğuldur.
E L D A R. O gün yolda gördüm onu. Salam verdim, heç cavab vermədi.
B A B Ə K. Elə adamlara gərək salam verməyəsən, salam onlara artıqdır. Belə şeydən mənim heç xoşum gəlmir. Mən harada olur olsun salamın cavabını alıram. Belə də olmalıdır.
İ L K İ N. Düz hərəkət deyil İsfəndiyarın etdiyi.
A S İ M. Yenə İsfəndiyar yaxşıdıre, hələ Fikrəti görəsiniz.
B A B Ə K. Əşi Fikrət kimdi axı, mənimlə güləşə gəlirdi, həmişə udurdum onu. Day bilmirdi ki, mənimlə bacarmaq olmaz. Sərçə ürəklinin biridir özü də.
(Birdən pəncərədən bir maşın görsənir)
K A M İ L. Bu maşın çox qəşəngdir axı.
A S İ M. (gülərək) bu da maşındır? Sənin də Sənandan beşbetər zövqün yox imiş ki. Babək, bir dənə bu maşına bax.
B A B Ə K. Bilirsiniz ki, mən çoxlu maşın sürmüşəm. Amma bu maşını sürəndə xoşuma gəlməmişdi.
E L D A R. Niyə, məncə o qədər də pis deyil.
A S İ M. (Eldara gülümsəyərək) Qarışqanın qohumu çıxıb.
K A M İ L. Əslində, mənim də əvvəlki illərdə istehsal olana xoşum gəlir.
A S İ M. Arxada olan qara maşın daha yaxşıdır, məncə.
K A M İ L. O heç də, onun kimi maşın az tapılar.
A S İ M. (istehzalı bir şəkildə gülümsəyir)
İ L K İ N. Oldu, dostlar, mən burada düşürəm, xudahafiz. (avtobusdan düşür)
(5-6 dəqiqə səssizlik olur)
A S İ M. Bu İlkinin də ağzından sözü güclə alırıq, zalımın oğlu, elə bil yasa gəlib.
B A B Ə K. Mən heç belə adamları xoşlamadım da. Nə bilim, qəribədiye vallah. Bu qədər də sakit olmaq yaxşı şey deyil.
K A M İ L. Məncə də düz deyirsiniz.
A S İ M. Yoxe, bir var az danışasan, bir də var heç danışmayasan.
B A B Ə K. Çox danışmaq da yaxşı deyil, mən həmişə diqqət edirəm ki, çox danışmayım. Az danışmaq daha yaxşıdır, amma bu qədər də yox da. Söz düşmüşkən, bununla bağlı bir ləzzətli lətifə bilirəm, qoyun danışım. Deməli, bir gün Molla Nəsrəddinin yolu bazara düşür, piştaxtalara baxa-baxa gəzəndə görür ki, biri əlli qızıla tutuquşu satır, düppədüz evinə qayıdır, xoruzu vurur qoltuğuna təzədən bazara qayıdır ki, bəs xoruz satıram, qiyməti də yüz qızıl. Deyirlər ki, ay Molla, sənin başın xarab olub, xoruz hara, yüz qızıl hara, sən hara. Molla da deyir ki, tutuquşuna əlli qızıl verirsiz, xoruza yüz qızıl vermək sizə ar gəlir? Deyirlər ki, Molla, bu tutuquşu elə-belə quş deyil e, səndən-məndən yaxşı danışır, pulu da bu mərifətinə görə verirlər. Molla da deyir ki, sizin tutuquşu düşünür, yox eee, səhv oldu, sizin tutuquşunuz danışır, mənim xoruzum düşünür, ona görə yüz qızıla dəyər. Həə, bunu ona görə danışdım ki, sözümün canı ondaydı ki, az danışmaq yaxşıdır, yüz ölçüb bir biçmək lazımdır.
E L D A R. (danışmır, sadəcə diqqətlə dinləyir)
A S İ M. İlkinin özünə deyəndə də xoşuna gəlmir, elə bil nahaq söz danışırıq.
B A B Ə K. Gəlmir, cəhənnəmə gəlsin. Həqiqət budur da.
K A M İ L. Siz pis bir şey demirsiz axı, nədirsə, onu deyirsiz.
E L D A R. Dostlar, gəlin əyri oturaq, düz danışaq, mən İlkindən yana yamanlıq görməmişəm. Lal-dinməz olsa da, adamı yarı yolda qoymaz.
A S İ M. (sakit dayanır)
K A M İ L. Qardaşlar, mən də burda düşürəm, sağ olun
B A B Ə K. Asim, bir dənə bu şəkilə bax nə qəşəng düşmüşəm.
A S İ M. Hə, zordu.
E L D A R. Yaxşıdır. (bir az narahat olduğu başa düşülür)
B A B Ə K. Yaxşı nədir, bomba kimidir, bircə fitili çatışmır.
A S İ M. Şəkli qoy qırağa, söz deyirəm. Fikir vermişəm, Kamil əvvəl öz fikrini bildirir, biz onun fikrilə razılaşmasaq, fikrindən daşınır, biz deyəni deyir.
B A B Ə K. Hə, mən də fikir vermişəm. Adamın gərək fikri-zikri bir olsun, elə hər şeyə görə dediyindən dönməsin. Bu yüngüllükdür.
A S İ M. Bilirsən necədir, o öz fikrinin arxasında dura bilmir, əsaslandıra bilmir, qorxur ki, onu qınayarlar, gülərlər. Ona görə hamı nə qənaətə gəlirsə, o da ondan savayısına üz tutmur.
B A B Ə K. Ay sağ ol!
A S İ M. Eldar, de görək, sənin ağlından nə keçir?
E L D A R. Bilmirəm ki, nə deyim.
A S İ M. Babək, sən burda düşmürdün?
B A B Ə K. Hə, burda düşürəm. Özünüzə yaxşı baxın.
E L D A R. Sağ ol, Babək
A S İ M. Yaxşı yol, igid.
E L D A R. Asim bundan sonra sən düşəcəksən də?
A S İ M. Hə, mən düşəsiyəm.
E L D A R. Tamam.
(bir müddət səssizlik olur)
A S İ M. Eldar, bayaq şəkili sənin telefonunla çəkmişdik?
E L D A R. Hə, buyur bax.
A S İ M. (şəklə baxaraq) Babəkə bax, görürsən necə özündənrazıdır. Forsu yerə-göyə sığışmır.
E L D A R. (heç nə demir)
A S İ M. Elə hey özündən danışır, adam nə qədər mənəm-mənəm deyər? Nə isə, lənət şeytana, arxasınca danışmayım.
E L D A R. Ta nə saxladın ki?
A S İ M. Üzünə də deyərəm.
E L D A R. Asim, xətrinə dəyməsin, hamının arxasınca bir şey demisən.
A S İ M. Əşi zarafat edirik də, zarafat da etməyək? Bunu da Asimə çox bilirsən? (qımışır)
E L D A R. (nəsə demək istəyir, deyə bilmir)
A S İ M. Dostlar arasında belə şeylər olur da, bəlkə də elə dostluğun dadı-duzu belə şeylərdədir. Belə əhəmiyyətsiz məsələlərdən ötrü niyə inciyirsən?
E L D A R. Asim, sən burada düşmürdün?
A S İ M. Hə, hə, burada, oldu, qardaşım, görüşərik, gəl səni qucaqlayım.
(Eldarı qucaqlayır, sağollaşır və gedir)
E L D A R. Off (özü-özünə fikirləşməyə başlayır, bu günkü söhbətlərini ağlından keçirir. Hərvaxtkı söhbətləri bu gün ona qəribə gəlmişdi. Sən demə, danışarkən fərqində olmadan xoşagəlməz sözlər deyirmiş. Başqalarının arxasınca danışmağın acılığını, nəhsliyini ilk dəfə idi ki, bu qədər qüvvətli hiss edirdi. Hələ bu az deyilmiş kimi, aralarından biri ayrılan kimi onun arxasınca da danışmışdılar. Özünü çox narahat hiss edir. Dostları barədə fikirləşir. Bir tərəfdən əlindəki şəkilə baxır, şəkildəki səmimiyyəti görür. Başa düşür ki, şəkildəki kimi deyillər, eh, ey dadi-bidad!.. Gəldiyi qənaət onu yenə narahat edir. Avtobus axırıncı dayanacağa çatır, Eldar da fikirli-fikirli avtobusdan düşür…)
3
əvvəlki yazı