Universitetlərimizin verdiyi diplomları tanıyan və tanımayan ölkələr – İxtisasa görə fərqlər
“Azərbaycan universitetlərinin diplomları apostil qanuna qoşulmuş bir çox ölkələrdə tanınır”
Bu sözləri AzEdu.az-a Gəncliyin Elmi-Mədəni İnkişaf Təşkilatının sədri, xaricdə təhsil üzrə ekspert Sərdar Yusifoğlu bildirib. Onun sözlərinə görə, Azərbaycan universitetlərində müəyyən sahələr üzrə təhsil alanların diplomları xaricdə tanınmır:
“Gənclərin xaricdə magistr səviyyəsində təhsil alması Azərbaycan universitetlərinin diplomlarının tanınmasına əsasdır. Həmçinin, Azərbaycan universitetlərində magistratura dərəcəsində təhsil alanlar digər xarici ali məktəblərdə doktorantura səviyyəsində oxuya bilərlər. Amma onu da bildirim ki, Azərbaycan universitetlərində bəzi ixtisaslar üzrə təhsil alanlar xaricdə oxumaq istədikləri zaman problemlə qarşılaşa bilərlər. Yəni əsasən hüquq və tibb sahəsi üzrə təhsil alanlar daha çox problemlərlə qarşılaşırlar. Çünki, xarici universitetlərdə Hüquq ixtisası üzrə magistr dərəcəsində təhsil almaq istəyənlərdən daha çox bakalavr səviyyəsini oxumaqları tələb olunur”.