İlham Əliyev İndoneziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fananinin etimadnaməsini qəbul edib.
Gemi.az-ın Azərbaycan prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan ilə İndoneziya arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində yaxşı əməkdaşlıq etdiyini vurğuladı, ölkəmizə verdiyi dəstəyə görə İndoneziyaya təşəkkürünü bildirib. Tərəfdaşlıq əlaqələrimizə toxunan Prezident İlham Əliyev Azərbaycanın İndoneziya ilə daha yaxın əlaqələr qurmaqda maraqlı olduğunu söyləyib. Ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, mədəni, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu deyən Prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.